KRİMİNAL XRONİKA

Əsas səhifə

Fevralın 14-də saat 18 radələrində paytaxtın Nizami rayonunun M.Ağayev küçəsində Qəbələ rayon sakini...

14.02.2018

Fevralın 14-də saat 18 radələrində paytaxtın Nizami rayonunun M.Ağayev küçəsində Qəbələ rayon sakini Elmir Mehdiyev idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Nikolay Novitskini vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Nizami RPİ tərəfindən araşdırma aparılır. 

Sabunçu rayonunun Nardaran qəsəbə sakini Tahir Kazımov müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil vermişdir.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin yanvar ayınadək olan müddətdə rayon ərazisində 7 avtomobildən akkumulyator, maqnitofon, səsgücləndiricilər və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əliağa Vahabov saxlanılmışdır.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2 evdən oğurluq etməkdə şübhəli bilinən qrupun digər üzvləri - Bakı şəhər sakinləri Sərhat Əmirov və Nurlan Ağayev saxlanılmışlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların ötən ilin noyabr ayından cari ilin yanvar ayınadək olan müddətdə daha 13 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir. 

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin yanvarın 30-dək olan müddətdə rayon ərazisindəki 5 həyətyanı sahədən su sayğacı və su mühərrikləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Gülnaz Bayramova saxlanılmışdır.

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mail Ağayevin yaşadığı evə baxış zamanı oradan 5 kiloqram 170 qram marixuana aşkar edilərək götürülmüşdür.