KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə mayın 20-də saat 17 radələrində Bakıxanov qəsəbəsində yaşayan...

23.05.2018

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə mayın 20-də saat 17 radələrində Bakıxanov qəsəbəsində yaşayan A.Baxşıyevin evinin həyətinə girmiş 2 nəfərin oradan əlvan metal oğurlayarkən ev sahibinin qonağı olan qohumu, Bakı şəhər sakini Ə.Baxşıyevin onlardan birini tutmağa cəhd göstərməsi, bu zaman həmin şəxsin ona bıçaqla xəsarət yetirərək aradan çıxmaları barədə müraciət daxil olub. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar zamanı mayın 14-də həmin evdən məişət əşyalarının və inşaat materiallarının oğurlandığı da müəyyən edilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək  polis əməkdaşları tərəfindən saxlanılıb. Onların hər ikisinin paytaxt sakini və yeniyetmə olduqları məlum olub. Faktla bağlı araşdırma aparılır. 

Mayın 22-də saat 18 radələrində Nəsimi rayonu ərazisində marşrut avtobusunda Bakı şəhər sakini A.Məhərrəmovun cibindən 120 manat pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəxs 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən “isti izlər”lə saxlanılıb. Araşdırmalarla onun Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Hakim Quluyev olduğu müəyyən edilib. A.Məhərrəmova məxsus mobil telefon və həmin məbləğdə pul maddi sübut kimi ondan götürülüb. Faktla bağlı araşdırma aparılır. 

Mayın 23-də saat 1 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində marşrut avtobusunda qəsəbə sakini T.İbadovun cibindən 35 manatı oğurlamaqda şübhəli bilinən şəxs isə ərazidə xidmət aparan 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerində yaxalanıb. Araşdırmalarla onun  qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramal Camalov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. 

Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də rayon ərazisindəki evlərin birindən 20.000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Vəliyev saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 1-dən 20-dək olan müddətdə 2 evin həyətindən 2 velosiped, 1 evdən 390 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilmişdir.

Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən mayın 22-də rayon ərazisindəki evlərin birindən 150 manat və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Vəliyev saxlanılmışdır.