QANUNÇULUQ ETİBARLI QORUNARSA...

Əsas səhifəMətbuatda polis

Hər bir insanın təməl hüquqları var. Onlar məşhur “İnsan hüquqları Bəyannaməsi”ndə öz əksini tapıb. İnsan hüquqları anlayışının mahiyyəti ondan ibarətdir ki, bütün insanlar irqindən, cinsindən və sosial mənşəyindən asılı olmayaraq, hamısı eyni hüquqa malikdir və qanun qarşısında cavabdehdir. Bu hüquqlar izahata ehtiyac duyulmadan hamıya aid edilir. 

Dövlətimizin insan hüquqlarına hörmətlə yanaşması, cəmiyyətdə ictimai məsuliyyət yaradır. Artıq vətəndaş əmindir ki, dövlət onun hüquqlarının etibarlı təminatçısına çevrilib. Məsələn, Azərbaycan polisinin əsas təyinatı və vəzifələrinin hər birini ayrı-ayrılıqda təhlil etsək aydın olur ki, qanunla insanların həyatı, sağlamlığı, hüquq və azadlıqları, qanuni mənafeləri, mülkiyyəti hüquqa zidd əməllərdən qorunur. Azərbaycan vətəndaşı onu da bilir ki, polisin onun hüququna etinasız yanaşması yolverilməzdir. Azərbaycanda bu məsələdə xüsusilə həssas və anlaşılan bir siyasət yürüdülür. Ulu öndərimiz Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, polis işi böyük məsuliyyət tələb edən peşədir: “Bu peşəyə yiyələnən insan cəmiyyətin və ətrafında olan hər bir fərdin təhlükəsizliyinə cavabdehlik daşımaq, bunun üçün hətta həyatını belə əsirgəməmək məsuliyyətini üzərinə götürür”.
 
Azərbaycan cəmiyyəti inkişaf etdikcə insanlar öz hüquqlarını daha aydın dərk edir. Nədir bu hüquqlar? Hər bir insanın təhlükəsiz yaşamaq, təhsil almaq, qanunun imkan verdiyi fəaliyyətlə məşğul olmaq və s. hüquqları var. Amma bu hüquqların reallaşması üçün ictimai-siyasi sabitlik təmin olunmalı, qanunçuluq, əmin-amanlıq etibarlı qorunmalıdır. Deməli, bu işə məsul olan polisin üzərinə düşən vəzifələrin elə başlıca məqsədi insan haqlarının etibarlı təminatıdır. Bu təminat polisin hər bir əməkdaşı üçün əsas xidməti fəaliyyət meyarıdır. Niyə? Nə üçün? Çünki demokratik quruluşlu dövlətlərdə qanunlardakı humanist motivlər və mənəvi tələblər insan haqları çərçivəsində tənzimlənir. Qanunlar vətəndaşa, cəmiyyətə xidmət etdiyi üçün qanun keşikçilərinin cəmiyyətdə mövqeyi daha qabarıq görünür. Respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müsahibələrinin birində vurğulayır ki, hakimiyyətin nümayəndəsi olan polis qanunçuluğa riayət etməli, mədəniyyətli, nəzakətli davranışı ilə nümunə olmalı, xalqın dəstəyini qazanmalı, hər bir hərəkətinin arxasında dövlətin nüfuzunun, imicinin dayandığını dərk etməlidir: “Xidməti borca sadiq olmalı, əzm və fədakarlıqla çalışmalı, cəmiyyətdə polisin nüfuzunun, ona olan inamın artırılması üçün biliyini, qüvvə və bacarığını əsirgəməməlidir. Daim axtarışda olmalı, öz üzərində işləməli, təcrübəli əməkdaşlardan öyrənməli, qanunvericilik aktlarını, cinayətkarlıqla mübarizəyə dair beynəlxalq sənədlərin tələblərini dərindən bilməlidirlər”.
Bu gün Azərbaycan polisi çalışır ki, vətəndaş hüquqları etibarlı təmin olunsun. Polisə daxil olan müraciətlər həm operativ, həm də obyektiv öyrənilməklə, araşdırılır və ədalətli qərarlar verilir. Təsadüfi deyildir ki, nazirliyin rəhbərliyi mütəmadi olaraq bölgələrdə olur və vətəndaşların yerlərdə qəbulunu təşkil edir. Bütün bunların əsas məqsədi odur ki, hər hansı narazılıq elə yerindəcə aradan qaldırılsın. Deməli, yenə də vətəndaş maraqları ön plandadır, insanlara münasibətdə həsaslıq var. Digər tərəfdən, rəhbərlik bu sahədə görülən işləri, vətəndaşların qəbulu və onların ərizələrinə baxılmasını mütəmadi olaraq Kollegiya iclaslarında, əməliyyat müşavirələrində müzakirəyə çıxarır ki, bu prosesi daha da təkmilləşdirmək üçün konkret qərarlar verir.
 
İnsanların müraciətlərinin qəbulu prosesində ən mühüm vasitələrdən biri də “102” Zəng Mərkəzi”dir. İndi hər bir vətəndaş polis orqanına getmədən baş verən, rastlaşdığı qanundankənar halla bağlı bu xidmətə zəng vurub məlumat vermək imkanına malikdir. Ümumən, belədir ki, polis, vəzifələrindən irəli hər bir “çağrış”a həsas yanaşır. Bütün bunlar vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.