Xəbərlər

Əsas səhifə

Zabit vəzifələrinə təyinatlar keçirilib

26.08.2016


Avqustun 24-də Daxili İşlər Nazirliyində ötən tədris ilində Polis Akademiyasının əyani şöbəsi  məzunlarının Bakı Şəhər Baş Polis İdarəsinin orqan və hissələrində vakant olan zabit vəzifələrinə təyin olunmaları münasibətilə tədbir keçirilmişdir. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri  giriş sözü ilə açaraq təyinatın şəffaf şəkildə, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini bildirmiş, bu üsulun son illər artıq ənənəyə çevrildiyini vurğulamışdır.

O qeyd etmişdir ki, Polis Akademiyasını bitirmiş məzunların, ali hüquq təhsili almış əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, onlara lazımi qayğının göstərilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov Nazirliyə Bakı qeydiyyatında olan 53 məzunun dəvət edildiyini bildirmiş, vakant vəzifələrin və namizədlərin siyahısını elan etmişdir.

Daha sonra püşkatma yolu ilə təyinat keçirilmişdir. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçı olanlar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkmiş və ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat almışlar.

Yeri gəlmişkən, Akademiyanı fərqlənmə diplomu və əla qiymətlərlə bitirmiş 8 məzundan 3-ü Nazirliyin Baş Təşkilati-İnspeksiya İdarəsinə, 1-i Baş Cinayət Axtarışı İdarəsinə, 1-i Polis Akademiyasına, 3 nəfər isə müstəntiq vəzifələrinə təyin edilmişlər.
Tədbirə yekun vuran general-polkovnik Ramil Usubov həyatlarında ən əlamətdar günlərdən biri- orta rəis heyəti vəzifələrinə irəli çəkilmələri münasibətilə gənc əməkdaşları təbrik etmiş, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını və şərəfini daim uca tutmağı arzulamışdır.

Nazir məmnunluqla xatırlatmışdır ki, istər ümummili liderimiz, istərsə də möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin gələcəyinin intellektli, sağlam təfəkkürlü, geniş dünyagörüşlü, dərin bilikli, mükəmməl təhsil almış dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu çıxış və nitqlərində dəfələrlə vurğulamışlar. O demişdir ki, belə yüksək mənəvi keyfiyyətlərə malik şəxslərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri, onların ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün bütün zəruri addımlar atılır. General-polkovnik Ramil Usubov bu istiqamətdə ulu öndərin və möhtərəm dövlət başçımızın müdrik tövsiyələrinin və göstərişlərinin layiqincə yerinə yetirildiyini, gənclərə dövlət qayğısının davamlılığını xüsusi qeyd etmişdir.

Nazir onu da vurğulamışdır ki, Respublika Prezidentinin daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğı nəticəsində daxili işlər orqanları elmi-texniki tərəqqinin ən son nailiyyətləri olan zəruri avadanlıq və texnika ilə təchiz edilmiş, eyni zamanda, ölkəmizdə gedən ümumi inkişaf proseslərinin nəticəsi olaraq, şəxsi heyətin iş şəraiti daha da yaxşılaşmışdır.

Gələcək fəaliyyətlərində gənc əməkdaşlara uğurlar arzulayan, ekstremal hallarda müstəqil qərar qəbul edə bilmələrini, bilik və təcrübələrini artırmalarını, daim öz üzərilərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyyə edən daxili işlər naziri Ramil Usubov əmin olduğunu bildirmişdir ki, onlar qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, polis andına sadiq olacaq, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edəcəklər.
Gənc zabitlər adından çıxış edən polis leytenantı İlkin Mehdiyev göstərilən xüsusi diqqətə, qayğıya və yüksək etimada görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirmiş,  öz fəaliyyətləri ilə göstərilən yüksək etimadı doğruldacaqlarını əmin etmişdir.
Püşkatmada iştirak etmiş məzunlar həmin gün daxili işlər nazirinin müvafiq əmrləri ilə orta rəis heyəti vəzifələrinə təyin olunmuşlar.