Xəbərlər

Əsas səhifə

Qanunsuz odlu silah-sursatın aşkarlanması məqsədilə uğurlu əməliyyat tədbirləri keçirilib

14.04.2017

Sabunçu Rayon Polis İdarəsi 42-ci polis bölməsinə Nardaran qəsəbə sakini Əliəsgər Cabbarovun yaşadığı evdə odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Cabbarov saxlanılıb. Onun yaşadığı evin həyətində istifadə olunmayan tikiliyə baxış zamanı orada gizlədilən bir ədəd lüləsi və qundağı kəsilmiş yivli “Karabin” markalı tüfəng, “RQD-5” əl qumbarası və “AK-74” avtomatına məxsus süngü bıçağı aşkarlanaraq götürülüb.

Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinin əməkdaşları tərəfindən də müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş Maştağa qəsəbə sakini Sahib Əliyev Albalılıq bağ massivində şübhəli şəxs qismində tutulub. Onun üzərinə baxış zamanı əynindəki gödəkcənin altında gizlətdiyi nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat silahı götürülüb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, avtomatı bir müddət Albalılıq massivində yaşayış olmayan bağ evlərinin birinin həyətində qazaraq gizlədib. Amma sonradan odlu silahı gizlətdiyi yerdən çıxararaq yaşadığı evə aparmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin (NBPİ) əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb. Baş İdarəyə Qazax-Bakı qatarının vaqonlarından birində olan Sumqayıt şəhər sakini əvvəllər məhkum edilmiş Rasim Nəcəfovun üzərində odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. NBPİ Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə R.Nəcəfov Bakı Dəmir Yolu Vağzalında saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd “Makarov” markalı tapança və içərisində 5 ədəd patron daraq aşkar olunaraq götürülüb.

Hər üç faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.