Xəbərlər

Əsas səhifə

Baş Dövlət Yol Polisi İdarəsi IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar müraciət edib

05.05.2017

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxtın mərkəzi hissələrində yerləşən idarə, müəssisə, təşkilat rəhbərlərinə, habelə bu ərazilərdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə müraciət edib.

BDYPİ-dən bildiriblər ki, paytaxtda keçiriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları” çəkilib. Həmin zolaqlarla mayın 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Bununla əlaqədar Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə Daxili İşlər Nazirliyinin BDYPİ paytaxtın mərkəzi hissəsində yerləşən idarə, müəssisə, təşkilat rəhbərlərindən, habelə həmin ərazilərdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən xahiş edir ki, tədbirin keçiriləcəyi ərəfədə özlərinə və işçilərinə məxsus nəqliyyat vasitələrinin yalnız yolların hərəkət hissələrindən kənarında yerləşən duracaqlarda saxlanılmasını təmin etsinlər. İş yerlərinin yaxınlığında belə duracaqları olmayan şəxslərə isə bu günlərdə daha çox ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur.

Sürücülərin diqqətinə çatdırılır ki, dayanma-durmanın qadağan edildiyi, eləcə də yol kənarlarında parklanmaqla digər nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinə maneə yaradan avtomobillər evakuatorlar vasitəsilə təxliyə olunacaq, sürücüləri isə inzibati məsuliyyətə cəlb ediləcəklər.

BDYPİ paytaxtda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı bütün hərəkət iştirakçılarını yol qaydalarına ciddi riayət etməyə dəvət edir.