Xəbərlər

Əsas səhifə

Bakıda quldurluq edən qadın və kişi tutulub

08.06.2017

Daxili işlər orqanları quldurluq cinayətlərinin qarşısının alınması və bu əməlləri törədən şəxslərin ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

İyunun 4-də vətəndaş Yeganə İsayevaya metronun “Neftçilər” stansiyasının yaxınlığında iki nəfər naməlum şəxs zor tətbiq edərək əlindəki pul kisəsini və qızıl boyunbağısını alaraq hadisə yerindən qaçıb.

Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci polis bölməsinə baş verən cinayət hadisəsi barədə məlumat daxil olan kimi dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini Səidə Kərimova və paytaxt sakini İsrafil Hüseynov saxlanılaraq istintaqa təqdim olunub.

Saxlanılan şəxslər ifadələri zamanı qeyd edilən cinayəti törətdiklərini etiraf ediblər. Onlar hadisədən əvvəl zərərçəkən qadını izlədiklərini və münasib bildikləri məqamda ona hücum etdiklərini bildiriblər.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Polis əməkdaşları S.Kərimova və İ.Hüseynovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə müraciət edə bilərlər.