Xəbərlər

Əsas səhifə

Adam oğurluğu ilə məşğul olan dəstənin üzvləri tutulub

12.06.2017

Daxili işlər orqanları şəxsiyyət əleyhinə olan, quldurluq və adam oğurluğu cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci polis bölməsinə (PB) müraciət edən Qazax rayon sakini İsmayıl Umudov əvvəldən tanımadığı şəxslərin onu oğurlayaq bir gecə naməlum evdə saxladıqları, orada döyərək 90 manatını və 1400 türk lirəsini quldurluq yolu ilə aldıqları barədə məlumat verib.

Bölmə əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Cavid İbrahimov, qardaşı Valid, eləcə də Aqil Nüsrətli, Xəzər rayon sakinləri Kənan Cəlali, Cavid Fərzəliyev və Ağsu rayon sakini Amil Quliyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, Türkiyədə yaşayan zərərçəkən İsmayıl Umudov hadisədən bir neçə gün əvvəl mobil telefonla dəstə üzvü C.İbrahimovun ailə üzvlərindən biri ilə tanış olub. Bundan xəbər tutandan sonra isə C.İbrahimov İ.Umudova SMS göndərərək onu Bakıya, Buzovna qəsəbəsinə görüşə dəvət edib. Həmin ünvanda görüşə gələn İ.Umudovu C.İbrahimovla bərabər qardaşı və adları çəkilən dörd dostu qarşılayıb.

Saxlanılan şəxslər zərərçəkənə xəsarətlər yetirib cibindəki pulları götürəndən sonra onu C.İbrahimovun “Opel” markalı avtomobilinin yük yerində dəstənin digər üzvü C.Fərzəliyevin Albalılıq qəsəbəsindəki evinə apararaq bir gün orada saxlayıblar. Həmin evdə isə İ.Umudovun çılpaq şəkillərini çəkərək polisə şikayət edəcəyi təqdirdə bu görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.