Xəbərlər

Əsas səhifə

Polis bir cinayətin izi ilə beş oğurluq hadisəsinin üstünü açıb

06.07.2017

Daxili işlər orqanları mülkiyyət əleyhinə cinayətlərin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşası istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri keçiriblər.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il martın 24-də Sulutəpə qəsəbəsindəki mənzillərdən birindən 8 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları və televizor oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş şəxslər Ramiz Abbasov və Toğrul Abbaslı saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, R.Abbasov və T.Abbaslı gecə saatlarında qeyd edilən mənzildə işıqların yanmadığını görərək oradan oğurluq etmək qərarına gəliblər.

Saxlanılan şəxslər qızıl-zinət əşyalarını və televizoru əvvəldən tanıdıqları Nəriman adlı şəxsə dəyər-dəyməzinə satdıqlarını bildiriblər.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq qeyd edilən şəxslərdən qızılları və televizoru oğurluq olduğunu bilə-bilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Nəriman Kərimov da saxlanılaraq istintaqa təqdim olunub.

Saxlanılan şəxslərin ətraflarında aparılan sonrakı əməliyyat-axtarış tədbirləri zamanı müəyyənləşib ki, onlar müxtəlif vaxtlarda Xəzər rayonunun “Albalılıq” yaşayış massivində yerləşən 5 fərdi yaşayış evindən də oğurluq ediblər.

Faktlarla bağlı zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.