Xəbərlər

Əsas səhifə

Ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması polisin də diqqət mərkəzindədir

09.05.2018

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ekoloji mühitin, xüsusən yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin formalaşmış ənənəyə uyğun olaraq, ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Daxili İşlər Naziriyinin Baş Mühafizə, Maddi-Texniki Təminat Baş, Şəxsi Heyətlə İş idarələrinin, paytaxtın Suraxanı rayon Polis İdarəsinin, digər struktur qurumların şəxsi heyəti mayın 9-da Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər.
 
Tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev, nazirliyin aidiyyatı baş idarə, idarə və xidmətlərinin rəisləri, digər vəzifəli şəxslər iştirak ediblər.

Xatırladaq ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları hələ 2010-cu ildə sözügedən 5 hektarlıq sahədə Abşeron yarımadasının iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı Eldar şamları və zeytun ağacları əkiblər. Bugünkü tədbir zamanı isə 3000-dən çox ağaca aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, sözügedən sahədə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 200 ədəd Eldar şamının tingləri əkilib, onların suvarılması həyata keçirilib.   

Daxili işlər orqanlarının əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə bundan sonra da ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini davam etdirəcəklər.