Xəbərlər

Əsas səhifə

Narkomaniyaya qarşı maarifləndirmə diqqət mərkəzindədir

24.05.2018

Daxili İşlər Nazirliyinin rəhbərliyinin təşəbbüsü ilə məktəblilər arasında narkomaniyaya qarşı maarifləndirmə kampaniyası və bu sosial bəla ilə mübarizənin daha da gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti belə tədbir Xəzər rayonu Şüvəlan mədəniyyət evində rayon polis idarəsinin təşkilatçılığı ilə keçirilib. “Narkomaniya sosial bəladır” və “Polis uşaqların gözü ilə” mövzularını əharə edən tədbirdə Xəzər rayonu 230 saylı orta məktəbin və A.S. Makarenko adına gimnaziyanın 300-dən çox müəllim və şagirdi, valideynlər, Xəzər Rayon Polis İdarəsinin zabit heyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri, həkim-narkoloq iştirak edib. Çıxış edənlər narkomaniyanın yayılma səbəbləri, törətdiyi təhlükələr, narkomaniyaya qarşı mübarizə haqqında şagirdləri məlumatlandırıb. Tədbirdə rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov çıxış edərək yetkinlik yaşına çatmayanlar arasında hüquqazidd əməllərin, narkomaniya və digər zərərli vərdişlərin sosial bəlaya gətirib çıxardığını və bu tip maarifləndirici tədbirlərin yeniyetmələrin təlim-tərbiyəsində xüsusi əhəmiyyətinin olduğunu qeyd edib. Xəzər Rayon Polis İdarəsi rəisinin şəxsi heyət üzrə köməkçisi, polis polkovniki İsmayıl Qasımov və Polis Akademiyasının İnzibati hüquq kafedrasının müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov “Polis uşaqların gözü ilə” mövzusunda çıxış edərək gənclərə vətənimizə, dövlətimizə sadiq olmağı, vətən uğrunda canlarını fəda etmiş qəhrəman polislərimizin keçdikləri döyüş yolundan nümunə götürməyi, vətənpərvərlik ruhunda böyümələrini tövsiyyə ediblər. Daha sonra qeyd edilən təhsil ocağında nümunəvi davranışları və fəallıqları ilə seçilən şagirdlərə Xəzər RPİ-nin əməkdaşları tərəfindən xüsusi diplomlar və hədiyyələr təqdim olunub. Tədbirdə çıxış edən digər ictimaiyyət nümayəndələri şagirdlərə öz tövsiyələrini veriblər. Sonda şagirdlərin və valideynlərin suallarına cavab verilib və "Narkomaniya bəşəriyyətin bəlasıdır!" adlı sənədli filmi nümayiş olunub.