Xəbərlər

Əsas səhifə

Nümunəvi xidmət başucalığı gətirir

29.05.2018

Asayişin yüksək səviyyədə təminatına görə şəhər əhalisi Bakı polisinin fəaliyyətini təqdirlə qarşılayır, əməyini yüksək qiymətləndirir. Əslində, yalnız Bakının daimi sakinləri deyil, çoxsaylı beynəlxalq tədbirlərlə ev sahibliyi etmiş paytaxtın qonaqları da polisin xidmətindən hər zaman razılıqla bəhs edirlər. Yəni, obrazlı ifadə etsək, Bakının qanun keşikçiləri hamının könlündə öz yerini tuta bilib. 

Bu isə xidməti vəzifəsinə vicdanla yanaşan polis əməkdaşlarının hər bir vətəndaşa, hər bir insana qayğıkeş münasibətlərinin nəticəsində mümkün olur. Belə əməkdaşlardan biri Nəsimi RPİ PPXB-nin manqa komandiri, polis baş serjantı Elmin Tağıyevdir. Onun nümunəvi xidməti barədə məlumatı Baş İdarə rəhbərliyinin adına göndərilmiş məktub sayəsində əldə etmişik.

Yeri gəlmişkən qeyd edək ki, xidmət gərəyi hər gün onlarla müxtəlif hadisələrlə qarşılaşan polislər haqqında həmişə yazmaq olmur. Çünki, məlum olduğu kimi, hər polisin yanında bir jurnalist gəzmir ki, onun qarşılaşdığı hadisələri qələmə alsın.  Yalnız bizə çatan materiallardan bəhrələnə bilirik, bu məktub da onlardan biridir. 

Deməli, məsələnin mahiyyəti ondan ibarətdir ki, mayın 11-də Xətai rayon sakini Cəbrayalov Ramiz Məhərrəm oğlu Nəsimi rayonu ərazisində özünə və ailə üzvlərinə məxsus olan sənədləri itirir. Bundan yalnız bir neçə saat sonra xəbər tutan vətəndaş sənədlərin tapılması üçün çox çalışsa da, cəhdləri nəticəsiz qalır. Artıq yeni sənədlərin bərpası üçün adiyyəti qurumlara müraciət etməyi düşündüyü anda, iş yerinə zəng gəlir... 

Hadisənin  təfsilatını Ramiz Cəbrayılovun öz sözləri ilə davam edirik: “O gün işə gedəndə pencəyimi çıxarıb qolumun üstünə atdım. Məndə bir xasiyyət var, bütün sənədləri üstümdə, pencəyimin cibində gəzdirirəm. Nəysə, işə çatanda gördüm sənədlər cibimdə yoxdur. Təxmin edirdim harda itirmişəm, əraziyə baxan mənzil istismar sahələrinə zəng elədim, dedim, bəlkə işçiləri küçəni təmizləyərkən taparlar. Yox idi. Sonra ərazidə fəaliyyət göstərən iaşə obyektlərinə getdim, ancaq yenə tapa bilmədim. Artıq yeni sənəd almaq haqqında düşünürdüm. Ancaq elə həmin gün  iş yerimə zəng gəldi. Telefonda bir nəfər özünü təqdim etdi, dedi polis əməkdaşıyam, sənədlərinizi tapmışam, sizə necə çatdıra bilərərm? Heç on dəqiqə keçmədi ki, sənədləri mənim iş yerimdə otağıma gətirmişdi...”.

Nə qədər qəribə də olsa Ramiz Cəbrayılov sənədlərinin itməsi kimi hadisəylə üzləşdiyinə görə təəssüflənmədiyini deyir: “Çünki Azərbaycan polisinin xidmətinə, vətəndaşa qayğıkeş yanaşmasına şəxsən şahid oldum. Bu, məni çox sevindirdi və bir vətəndaş kimi polisimizlə fəxr elədim. Belə təmənnasız diqqət və qayğı ilə sənədləri tapıb mənə qaytarılmasında bu əməkdaşın göstərdiyi nümunəvi xidmətə görə ailə üzvlərim adından polisə minnətdarlığımı bildirirəm”.

Nümunəvi xidmətiylə vətəndaşda məmnunluq hissi yaratmış Nəsimi RPİ PPXB-nin manqa komandiri, polis baş serjantı Elmin Tağıyev isə məsələyə xeyli təvazökar yanaşdı. Deyir polis əməkdaşı olaraq vəzifə borcunu yerinə yetirib və bunda qeyri-adi bir şey görmür: “Həmin gün xidmətdə olarkən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin qarşısında sənədləri tapdım. Şəxsi sənədlər olduğuna görə sahibinə qısa müddətdə lazım ola biləcəyini düşündüm və tez bir zamanda ona çatıdırılmasına çalışdım. Sənədlərin üzərindəki ünvanlar vasitəsi ilə sahibini tapdım və ona təhvil verdim”. 

“Polis” qəzeti