Xəbərlər

Əsas səhifə

Vətəndaşlar yazır

15.06.2018

Polis - vətəndaş münasibətləri hər zaman olduğu kimi bu gün də diqqət mərkəzindədir. DİN rəhbərliyinin vətəndaşlara və onların problemlərinə qayğıyla yanaşması, bunu zəruri vəzifə kimi qarşıya qoyması bu münasibətlərin daha da yaxşılaşmasına xidmət edir. 

Yerli polis orqanları da bu tələbləri işlərində rəhbər tutaraq fəaliyyətlərini davam etdirirlər. Onlar üzərlərinə düşən məsul vəzifələri icra edərkən ictimaiyyətin fəal hissəsinin və vətəndaş cəmiyyəti nümayəndələrinin köməyindən istifadə edirlər. Bu da cəmiyətdə polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradır.
Bu münasibətlərdən, əməkdaşlıqdan razı qalan vətəndaşlar DİN, Bakı Şəhər BPİ və yerli polis orqanlarına təşəkkür məktubları göndərməklə öz məmnunluqlarını bildirirlər.
Suraxanı rayonu, Əmircan qəsəbə sakini Əntiqə Məmmədova ailə münaqişəsi zəminində yaranmış məsələyə görə şikayət ərizəsi ilə polisə müraciət edib. Ərizəni araşdıran Bakı Şəhər BPİ İcTİ-nin inspektoru, polis baş leytenantı Ruslan Məmmədov problemi həll edərək, tərəflərin barışmasına nail olub.
Turist kimi ailəsi ilə birgə ölkəmizə gələn İran vətəndaşı Əli Moslenin 2 min dollarlıq və övladının min dollarlıq üzüyü oğurlanıb. Polisə müraciətindən qısa müddət sonra Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları cinayəti törətmiş şəxsləri yaxalayıb.
Sabunçu rayon sakini Mahmud Hüseynov dəymiş ziyanın ödənilməsində yardımçı olduğu üçün Binəqədi RPİ 7-ci PB-nin təhqiqatçısı, polis leytenantı Eldar Kazımova minnətdarlığını bildirir.
Analoji hadisə ilə qarşılaşan Binəqədi rayon sakini Malik Həsənov polisə müraciət edib. Müraciəti araşdıran Səbail RPİ-nin müstəntiqi Emil Muxtarov az müddətdə dəymiş ziyanın ödənilməsini təmin edib.
Nərimanov rayon sakini Şahverdi Xudiyev məktubunda yaranmış problemlə əlaqədar DİN-ə müraciət etdiyini bildirir. Bakı Şəhər BPİ rəhbərliyinin nəzarətə götürdüyü məsələ Nərimanov RPİ-nin əməkdaşları tərəfindən həll edilib və tərəflər arasında razılıq əldə olunması ilə nəticələnib.
Bakı polisi gənc nəslin sağlam mühitdə yetişməsi, zərərli vərdişlərdən uzaq durması, ümumbəşəri bəlaya çevrilmiş narkomaniyaya qarşı mübarizədə yetkinlik yaşına çatmayanların məlumatlandırılması istiqamətində mütəmadi tədbirlər keçirir. Bu istiqamətdə növbəti tədbiri mayın 8-də Nəsimi RPİ-nin əməkdaşları Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində keçirib. “Narkomaniyaya yox deyək” başlığı altında keçirilən tədbirdə şagird və müəllimlər narkomaniyanın fəsadları, cəmiyyətdə açdığı yaralar, DİO-nun bu sahədə gördüyü işlər barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb. Təhsil müəssisəsinin rəhbəri İlahə Carçıyeva müəllim kollektivi və valideyn komitəsinin üzvləri adından rayon polisinə minnətdarlığını bildirib.
Xətai rayon sakini Fuad Süleymanov sualtı tüfənginin və qayığının oğurlanması barədə Sabunçu RPİ 13-cü PB-yə məlumat verib. Bölmənin əməkdaşı, polis kapitanı Vüqar Məlikov cinayəti törətmiş şəxsin yaxalanması və əşyaların qaytarılmasında köməkçi olub.
DİN rəhbərliyinə ünvanlanan digər məktubda Eldəniz Həsənov oğluna şəxsiyyət vəsiqəsi almaq üçün Nəsimi RPİ-yə müraciət etdiyini qeyd edib. İdarənin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları onları səmimi qarşılayıb, xoş münasibət göstərib, eyni zamanda şəxsiyyət vəsiqəsi ilə də təmin ediblər.
Nərimanov rayon sakini Həsən Talıblı birinci qrup əlil olduğu üçün ona yardım edib, xəstəxanaya qədər müşayiət etməyi təklif edən 514 nömrəli xidməti avtomobildə vəzifəsini yerinə yetirən  polis  əməkdaşına təşəkkürünü bildirir.
Masallı rayon sakini Əliəşrəf Hüseynzadə məktubunda mayın 5-də avtoqəzaya düşdüyünü qeyd edib. Qəza ilə bağlı Binəqədi DYPŞ-yə məlumat verən sürücülərə şöbədə səmimi, mehriban münasibət göstərilib. Şöbənin baş inspektoru Fuad Məmmədov işi şəffaf şəkildə araşdıraraq, qəzanın təqsirkarına protokol tərtib edib.
Aprel ayının 26-da Yasamal rayon sakini Cavid Qəhrəmanova 28 May küçəsində yerləşən mağazalardan birində seriya nömrəsi səhv olan telefon satılıb. “102” Xidməti-Zəng Mərkəzinə şikayət edən C.Qəhrəmanovun müraciətini araşdıran Nəsimi RPİ 22-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı Daşqın Abbasovun köməkliyi sayəsində dəymiş ziyan tam ödənilib.
Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Südabə Əhmədzadə sahə inspektorunun fəaliyyətindən razılığını bildirir. O, məktubunda qeyd edir ki, Suraxanı RPİ 31-ci PB-nin sahə inspektoru, polis kapitanı Elvin Cəfərov daim vətəndaşların problemləri ilə maraqlanıb, onların həllində yardımçı olub.
Sabunçu rayonu, Balaxanı qəsəbəsi sakinləri adından göndərilmiş məktubda qəsəbə ərazisində narkomaniyaya qarşı aparılan mübarizədən bəhs olunur. Polis əməkdaşlarının cari ilin əvvəlindən keçirdiyi tədbirlər yüksək qiymətləndirilib. Məktubda vurğulanıb ki, keçirilən tədbirlər qəsəbə sakinlərinin polisə inamını artırdı, bir daha təsdiqləndi ki, polis əməkdaşları xalqın maraqlarına xidmət edir, xalqın keşiyində durur!