Xəbərlər

Əsas səhifə

Polis ictimai asayişin keşiyindədir

30.07.2018

Azərbaycan dünyada humanitar mərkəz, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunmasına görə etibarlı məkanı kimi tanınır. Həyata keçirilən və praktikada özünü doğrultmuş bütün tədbirlər cinayətkarlığa qarşı mübarizəyə, vətəndaşların həyatının, sağlamlığının, qanuni mənafelərinin hüquqazidd əməllərdən effektiv qorunmasına xidmət edir. 
 
Respublika üzrə kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının bərpası istiqamətində peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə hesabat dövründə cinayətlərin açılması yaxşılaşaraq 86,4 faiz təşkil edib. Bu barədə iyulun 14-də Daxili İşlər Nazirliyində 2018-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında vurğulanıb. 
 
Təhlil və ümumləşdirmələr göstərir ki, 2017-ci ilin 6 ayı ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin açılması 2,1, şəxsiyyət əleyhinə olanların açılması 0,6, adam  öldürməyə cəhdlərin açılması 1,8, mənzillərdən edilən oğurluqların açılması 2,6, avtonəqliyyatın qaçırılması cinayətlərinin açılması 12,8 faiz  artıb. Prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 188 cinayət açılıb. Hadisələr üzrə qazanılan uğurlu nəticələr  dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə qlobal rəqabətlilik” hesabatında da vurğulanıb. Qeyd olunub ki, “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə Azərbaycan 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü yerdə qərarlaşıb.