Xəbərlər

Əsas səhifə

SİLAHLI BASQININ QARŞISI ALINDI

14.11.2014

Dəfələrlə məhkum olunan, lakin islah olunmayan cinayətkar şəbəkə bir neçə gün idi ki, yeni plan üzərində işləyirdi. Ünvan da məlum idi. İmkanlı bir vətəndaşın evinə basqın ediləcək, onun əmlakı talanacaq, müqavimət göstərsə, öldürüləcəkdi. Sadə və dəhşətli plan idi, amma işləmədi. Polisin operativ müdaxiləsi hər şeyi alt-üst etdi...

Beş nəfərlik dəstə üzvlərindən dördü daha tədbirli idi. Bir-birinə inanır və daha böyük cinayətlər barədə planlar qururdular. Bu planı da, özlərindən olsa, səbrlə və tədbirlə qurmuşdular, polisin cinayət təqibindən xilas olmaq üçün gedəcəkləri istiqamətləri belə müəyyən etmişdilər. Bir müddət birlikdə görünməyib yalnız gecələr vəd olunan yerlərdə görüşəcəkdilər. Amma sən saydığını say...
Bu planlar, ünvanlar, istiqamətlər barədə Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə əməliyyat məlumatı daxil oldu və dərhal yoxlanaraq təsdiqini tapdı. Vaxt yox idi. Cinayətkar şəbəkə əməliyyat nəzarətinə götürülməli, gözlənilən cinayətin qarşısı törədilmədən alınmalı idi. Cinayəti qabaqlamalı qarşısına məqsəd qoyan paytaxt polisi çevik və təxirəsalınmaz əməlliyyat tədbirləri hazırlayaraq, cinayətkar şəbəkənin gedə biləcəyi ünvanları nəzarətə götürdü.
Noyabrın 10-da gecə vaxtı, 20 yanvar diarəsi yaxınlığında əməliyyat müşahidəsinə düşən şəbəkə üzvlərinin gediş-gəlişləri polisin diqqətindən yayınmırdı. Deyəsən, fakt təsdiqini tapırdı. Cinayətkar qrup bir neçə saatdan sonra əvvəlcədən müəyyən olunan ünvana basqın həyata keçirməli, ev sakinlərinə təzyiq edərək evdə ehtimal olunan külli miqdarda pulun, qiymətli qızıl-zinət əşyalarını ələ keçirməli idi. 
Qabaqlayıcı, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini genişləndirən Bakı şəhər BPİ-nin əməliyyat-axtarış qrupu Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin əməkdaşlarını da ərazi üzrə tədbirə cəlb etməklə, silahlı basqına hazırlaşmaqda şübhəli bilinən mütəşəkkil dəstəni - Bakı şəhər sakinləri 1986-cı il təvəllüdlü Rahib Hüseynov, əvvəllər məhkum olunanlar 1967-ci il təvəllüdlü Elşən Rəhimov, 1977-ci il təvəllüdlü Natiq Yusifov, 1991-ci il təvəllüdlü Nahid Allahverdiyev və 1981-ci il təvəllüdlü Cəllad İsmayılovu yaxaladı. Tutulan şəxslər ətrafında aparılan ilkin əməliyyat tədbirləri ilə müəyyən olundu ki, onlar gecə saatlarında Xətai rayonunda yerləşən mənzilə basqın edərək, talançılıq əməli törətməyi planlaşdırıblar. 
Onların üzərinə baxış zamanı E.Rəhimovdan 0,175 qram heroin, 1 cüt əlcək, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, N.Yusifovdan 0,176 qram heroin, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, N.Allahverdiyevdən 0,178 qram heroin, 1 ədəd “Baykal” MK 654 markalı pnevmatik tapança, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd beşbarmaq, maska tipli 1 ədəd gözlük açılmış papaq, R.Hüseynovdan 0,170 qram heroin, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, maska tipli 1 ədəd gözlük açılmış papaq, C.İsmayIlovdan 0,161 qram heroin və soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq aşkarlanaraq götürülüb. 
İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, cinayətin planını dəstənin fəalı Elşən Rəhimov hazırlayıb. O, tanışı Natiq Yusifova tapşırıb ki, quldurluq etmək üçün gözəgəlimli evlər tapsın. Natiq Yusifov bir neçə gün müşahidələr apardıqdan sonra Elşən Rəhimovu Xətai rayonunda yerləşən evlərdən birinin yaxınlığına gətirərək ünvanı göstərib.
Dəstə üzvləri gecə saatlarında özləri ilə pnevmatik tapança, beşbarmaq, bıçaq, maska, əlcək, yapışqan lent də götürərək quldurluq edəcəkləri evin yaxınlığına gəliblər. Onlar gecə yarısı başlarına maska keçirərək quldur basqınına başlamaq istəyiblər. Lakin əməliyyatçılar onları qabaqlayıblar. 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Dəstə üzvlərinin ehtimal olunan digər cinayətləri araşdırılır.