Xəbərlər

Əsas səhifə

31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

31.03.2015

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. XX əsrdə azərbaycanlıların erməni faşistləri tərəfindən kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması tariximizin ən faciəli və dəhşətli səhifələrindəndir.

1917 - 1918-ci ildə Rusiyada baş vermiş hadisələrdən istifadə edən ermənilər öz mənfur niyyətlərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərdilər. Milli sülhə və birliyə qarşı “sinfi mübarizə” və “sinfilik” mövqeyindən çıxış edən Stepan Şaumyan başda olmaqla Bakı bolşevikləri “Bakı Sovetini Azərbaycanda vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına” çevirmək yolunu seçdilər. Onlar daşnaqlarla birlikdə “antisovet qiyamına”, “əksinqilaba” qarşı mübarizə adı altında 1918-ci il mart ayının axırlarında (30 - 31-də) milli qırğın təşkil etdilər. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirildi. Bundan başqa, “Qırmızı Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçdi. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidildi. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlman evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. 
 
Bu, müsəlmanlara qarşı, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi “Qızıl Qvardiya” dəstələri xüsusilə fərqlənmişdilər. Nəriman Nərimanov Erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında demişdi: “Daşnaklar bolşevik olan müsəlmanlara belə aman vermədilər. Müsəlmanlara qarşı hər cür cinayət etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da canlarını qurtara bilmədilər”.
 
Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Lakin N.Nərimanov və başqalarının səyi nəticəsində yanvar ayında qırğın törətmək planı baş tutmadı. Onlar mənfur niyyətlərini mart ayında həyata keçirə bildilər. S.Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şayiə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir. 
 
Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri ancaq Bakı ilə bitmir. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımı davam etdirmişdilər. S.Lalayansın dəstələri 3 - 16 aprel tarixində Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918 -ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi.
 
Ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu sayda arxiv materialı var. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırım hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha göstərir. Onu da qeyd edək ki, adını qeyd etdiyimiz Araşdırma Komissiyası tərəfindən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın, mart ayının ortalarında isə 60 maşın dolusu silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi.
 
Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: “Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir”. Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Ermənilər adamların gözlərini çıxararaq “gözmuncuğu” düzəldirdilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı 30 minə yaxın adam öldürüldü. 
 
Ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Osmanlı Türkiyəsinin Azərbaycana dəstək olması işğalçıların bütün planlarını pozdu.
 
Mart hadisələri əslində bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bunu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR Xalq Komissarları Sovetinə yazdığı məktubunda etiraf etmişdi: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... “Daşnaksütyun”un da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik”.
 
1918-ci ilin mart - aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisələr Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır.