KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 22-də səhər saat 12 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə...

22.06.2017

İyunun 22-də səhər saat 12 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.
Aidiyyatı üzrə Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə dəvət edilən zərərçəkmiş - Bakı şəhər sakini Mehdi Əliyev izahatında ötən gecə saat 4 radələrində içkili olduğundan özünə məxsus "Daevoo" markalı avtomobilini evinin yaxınlığında saxladığını, açarı da götürməyi unudaraq evinə getdiyini bildirib. Səhər qalxanda isə maşınını həmin yerdə tapmayıb.
     
Dərhal 22-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu maşının tapılması istiqamətində tədbirlərə başlayıb, bu barədə DİN-in "Təhlükəsiz Şəhər" Xidmətinə müvafiq məlumat veriblər.

Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin maşının Səbail rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək aidiyyatı üzrə Bakı BPİ-nin Dövlət Yol Polisi İdarəsinə müvafiq məlumat ötürülüb. Yol polisləri qaçırılmış maşını Səbail rayonunun T.Əliyarbəyov küçəsində saxlanıldığını aşkar edərək onu 22-ci Polis Bölməsinin əməkdaşlarına təhvil veriblər.

Əməliyyatçılar maşını qaçıran şəxsin həmin ərazinin yaxınlığındakı gecə klublarından birində "DJ" işlədiyi barədə məlumat əldə ediblər. Şübhəli qismində saxlanılaraq 22-ci Polis Bölməsinə gətirilən şəxsin ətrafında aparılan araşdırmalarla onun Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Maksimov olması müəyyən edilib. O, gecə vaxtı həmin ərazidən keçərkən maşının qapısının açıq vəziyyətdə, açarının da üstündə olduğunu görərək bu əməli törətdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb.

İyunun 21-də Bakı şəhər sakini olan bir qadının 2500 manat pulunu dələduzluq  yolu ilə almaqda şübhəli bilinən Şamaxı rayon sakini Vaqif Rəfiyev Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

İyunun 20-də DİN-in “102 Zəng Mərkəzi”nə Səbail rayonunun Neftçilər prospekti ərazisində İraq vətəndaşı olan bir turistin gecə saat 3.30 radələrində 3 min manat pulunun və mobil telefonunun oğurlanması barədə məlumat daxil olub.   

Məlumat dərhal aidiyyatı üzrə Səbail RPİ-nin 9-ci Polis Bölməsinə ötürülüb. Bölmənin rəisi Elsevər Qədirovun rəhbərliyi ilə əməliyyat qrupu yaradılıb və polislər hadisə yerinə gələrək araşdırmalara başlayıblar. Məlum olub ki, ölkəmizə turist kimi səfərə gəlmiş İraq vətəndaşı Manaf Abdulməcid həmin gün tanış olduğu 3 qadını kirayədə qaldığı mənzilə dəvət edib. Qısa tanışlıqdan sonra Manafın hamam otağında olduğu müddətdə həmin qadınlar evi tərk ediblər. Geri qayıdan M.Abdulməcid əl çantasında olan 3000 manat pulunun və “Samsung” markalı mobil telefonunun aparıldığını aşkar edib.
Polisin onların əlamətləri barədə sorğusuna cavab olaraq Manaf həmin qadınlardan birinin qolunda xüsusi görünüşü ilə fərqlənən döymə olduğunu da bildirib.

Təhlükəsiz Şəhər kameralarının görüntüləri əsasında həmin vaxt binadan çıxan qadınların taksiyə əyləşərək getdikləri müəyyən edilib. Taksinin sürücüsü qısa vaxtda tapılaraq Polis Bölməsinə dəvət edilib və həmin vaxt sərnişin qismində tanımadığı 3 qadını Fəvvarələr meydanı yaxınlığına apardığını bildirib.   

Əməliyyat-axtarış tədbirləri nəticəsində qolunda göstərilən əlamətlərdə döymə olan qadınlardan biri – B.D Fəvvarələr meydanı yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib. O, oğurluğu tanışları olan D.B və J.H ilə birlikdə törətdiklərini etiraf edib. Əməliyyatçılar həmin qadınların da yaşadıqları ünvanları müəyyən edərək onları şübhəli şəxs qismində Polis Bölməsinə gətiriblər.   
Faktla bağlı araşdırma aparılır.

Əcnəbi turist cinayətin "isti izlər"lə açılmasına görə polis əməkdaşlarına minnətdarlığını bildirib.