KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 11-də Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birinə gələn...

11.08.2017

Avqustun 11-də Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birinə gələn 2 nəfər orada işləyən iki əcnəbi vətəndaşlarının əl-qolunu yapışqanlı lentlə bağlayaraq bıçaqla hədələyib 15000 manat pul vermələrini tələb edib, tələb etdikləri məbləğ olmadığından 3 ədəd mobil telefonu götürərək ofisin qapısını bağlayıb gediblər. Hadisəni törətmiş Bakı şəhər sakini Elvin İsrafilov və Sumqayıt şəhər sakini Cəfər Musayev könüllü olaraq Nəsimi RPİ 22-ci PB-yə gəlib həmin şirkətin səyahət paketi almaq üçün onlardan 1500 ABŞ dolları pul alaraq vədinə əməl etməməsini bildiriblər. Faktla əlaqədar cinayət işi başlanılıb.

Əlahiddə Çevik Polis Alayı və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-nə keçən gecə Lökbatan qəsəbəsində yerləşən Uşaq Sanatoriyasının binasından 50 metr elektrik kabelini kəsərək oğurlamağa cəhd göstərmiş qəsəbə sakini Aleksey Krasnikov tutulub. Ətrafında aparılan tədbirlərlə onun cari ilin mart-iyul ayları ərzində 1 şirkətdən və 6 evdən elektrik kabelləri oğurlaması da müəyyən edilib.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da Bakı şəhər sakini Rauf Gülməmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini İlqar Tağızadə tutulub.

Avqustun 10-na keçən gecə Xətai rayonu G.Mehmandarov küçəsindən Bakı şəhər sakini Tural Abbasova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. Avtomobil həmin gün rayon ərazisində şüşəsi çıxarılmış, maqnitafonu, səsgücləndiriciləri, akkumulyatoru, salon güzgüsü  və arxa alın şüşəsi oğurlanmış vəziyyətdə tapılıb. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Faiq Alıyev tutulub.