KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 14-də Səbail rayonu ərazisində yaşayan Gülşən Zeynalovanın evinə...

14.08.2017

Avqustun 14-də Səbail rayonu ərazisində yaşayan Gülşən Zeynalovanın evinə eyvanın pəncərəsindən girmiş naməlum şəxs ev sahibəsinə bıçaqla xəsarət yetirib və səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib. G.Zeynalovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Teymur Hüseynov tutulub.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də rayon ərazisindəki evlərdən birindən 45.500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ramiz Ağayev və Ziyad Abdullayev tutulublar.

Avqustun 14-də saat 4 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində əcnəbi vətəndaş olan Həsən Heydərinin idarə etdiyi “Oka” və naməlum sürücünün idarə etdiyi “London Taxi” markalı avtomobillər toqquşub. Nəticədə Həsən Heydəri hadisə yerində ölüb. Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə “”London Taxi” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Vaqif Qurbanov saxlanılıb, onun yüngül dərəcəli sərxoş olması müəyyən edilib. Sabunçu RPŞ tərəfindən araşdırma aparılır.

Avqustun 15-də Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisindəki kafelərdən birində qəsəbə sakini Amal Zülfüqarov münaqişə zəminində həmyerlisi Qismət Məmmədliyə və digər 2 nəfərə bıçaqla xəsarət yetirib. Q.Məmmədli aldığı xəsarətdən hadisə yerində ölüb. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Zülfüqarov tutulub.

Avqustun 11-də Binəqədi rayonu ərazisindən Bakı şəhər sakini Fərhad Seyidova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Əziz Paşayev tutulub.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 8-də Bakı şəhər sakini Ceyhun Cabbarlıya məxsus “Nissan” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini Elnur Şahbazov saxlanılıb.