KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan...

05.10.2017

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Nurlan Hacıyevin, Arif Nəsibovun və qardaşı Akifin ətraflarında Qaradağ RPİ 10-cu PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların, cari ilin avqust ayından oktyabrın 4-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən akkumulyator, habelə 1 mağazadan tütün məmulatı oğurlaması da müəyyən edilib.

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də və oktyabrın 3-də rayon ərazisində 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nizaməddin Ağayev və Yusif Ağayev tutulublar.

Səbail RPİ-nin əməkdaşları tərəfindən sentyabrın 20-də rayon ərazisindəki evlərdən birindən 1000 manat dəyərində qızıl əşyalarının ev sahibəsinin qızı tərəfindən oğurlanması müəyyən edilib.

Oktyabrın 5-də paytaxtın Nizami rayonu ərazisində yerləşən bazarda 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Vahid Əliyevin içərisində 86 manat və bankomat kartı olan pulqabısını soyğunçuluq yolu ilə alıb. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Nika Kaxaberidze və Gürcüstan vətəndaşı Levan Siloqava tutulublar.

Oktyabrın 5-də Tərtər şəhər sakini Sərxan Əlizadə saat 14 radələrində “NAZ Lifan” markalı avtomobilinin qaçırılması barədə Rayon Polis Şöbəsinə müraciət edib. Dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib və  DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin paytaxt ərazisində hərəkətdə olması müəyyən edilib. Bakı BPİ-nin Dövlət Yol Polis İdarəsi və Nizami RPİ-nin 25-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomaşın Q.Qarayev prospektində saxlanılıb və onu idarə edən şəxs adıçəkilən polis bölməsinə gətirilib. Araşdırmalarla onun S.Əlizadənin qardaşı, Tərtər rayon sakini Sərvan Əlizadə olduğu məlum olub. Faktla bağlı Tərtər RPŞ tərəfindən araşdırma aparılır. 

Oktyabrın 5-də saat 2 radələrində DİN-in “102 Zəng Xidməti”nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub. Hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və Bakı şəhər sakini Fərid Quliyevə məxsus “Mercedes” markalı avtomobilin Mərdanov qardaşları küçəsindən  qaçırıldığı məlum olub. Görülmüş tədbirlərlə avtomobil Ə.Topçubaşov küçəsində əzilmiş vəziyyətdə aşkar edilib və onu idarə edən şəxs saxlanılaraq Polis Bölməsinə gətirilib.  Araşdırmalarla onun Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Alməmmədov olması məlum olub. Sükan arxasındakı bu şəxsin sərxoş halda olduğu Tibbi Müayinə Mərkəzi tərəfindən təsdiqlənib.  Həyata keçirilən tədbirlərlə o da müəyyən edilib ki, V.Alməmmədov həmin avtomobili idarə edərkən Ə.Hüseynzadə küçəsində yolun kənarında dayanmış “KİA”, “Mercedes”, “Opel” və “Dacia” markalı 4 avtomobili, habelə yolu keçən paytaxt sakinləri Soltan Rəhmanovu və Asif Təhməzovu vurub. Xəstəxanaya yerləşdirilən S.Rəhmanova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, A.Təhməzovun vəziyyəti qənaətbəxşdir. Faktla bağlı Nəsimi RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.