KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 29-da saat 19 radələrində Nəsimi rayonunun H.Seyidzadə küçəsindən...

29.10.2017

Oktyabrın 29-da saat 19 radələrində Nəsimi rayonunun H.Seyidzadə küçəsindən Bakı şəhər sakini Nicat Zeynalova məxsus “Daewoo” markalı avtomobil qaçırılıb. DİN-in “Təhlükəsiz Şəhər” Xidmətinin əməkdaşları tərəfindən avtomobilin həmin gün saat 20 radələrində Qaradağ rayonu ərazisində hərəkətdə olması aşkar edilib. Görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində postda saxlanılıb və onu idarə edən Cəlilabad rayon sakini Sübhan Niftullayevlə birgə Nəsimi RPİ 19-cu Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

Oktyabrın 26-da Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindən Tofiq Hüseynova məxsus  “VAZ-2107” markalı avtomobil qaçırılıb. Bakı ŞBPİ “Təhlükəsiz Şəhər” Xidməti və Xəzər RPİ 1-ci PBəməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Lələyev və Sumqayıt şəhər sakini Qadir Əliyev tutulublar.Avtomobil Salyan rayonunda yaşayan Hidayət Sadıqovun həyətindən sökülmüş vəziyyətdə tapılıb.

Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Y.Maksimovun evinə aldatma yolu ilə girərək ağzını yapışqanlı lentlə bağlayıb oradan 2500 manat, 6000 ABŞ dolları və 22750 rubl pul və qol saatı aparmaqda şübhəli bilinən Ağdam rayon sakini Ramil Quliyev tutulub.

Oktyabrın 28-də naməlum şəxsin Yasamal rayonu ərazisindəki MTK-lardan birindən naqil oğurlaması, bu zaman onu saxlamağa cəhd göstərərkən mühafizəçini bıçaqla hədələyərək hadisə yerindən qaçması barədə, həmçinin tikintisi başa çatmamış daha bir binadan kabel oğurluğu barədə Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə məlumatlar daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən hər iki şəxs saxlanılaraq Polis Bölməsinə gətiriliblər. Araşdırmalarla onların  paytaxt sakini Həmid Ələkbərov və Sarıstan Özbəkzadə olduqları, dəfələrlə həmin kompleksdən və tikintisi başa çatmamış binadan oğurluq etdikləri məlum olub. MTK-dan 5 kiloqram, tikintisi başa çatmamış binadan isə 2000 metr mis naqil oğurladıqlarını etiraf edən H.Ələkbərov və S.Özbəkzadə onları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Polis əməkdaşları tərəfindən maddi sübutlar əlvan metal qəbulu məntəqələrindən götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb.