KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər sakini İsmayıl İmamverdiyev DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə zəng edərək...

08.11.2017

Bakı şəhər sakini İsmayıl İmamverdiyev DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə zəng edərək paytaxtın Nizami rayonu ərazisindən “VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə məlumat verib.  Hadisə ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlayan Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları qaçırılan avtomobilin Siyəzən rayonunda tapılması barədə məlumat əldə ediblər. Siyəzən RPŞ-nin əməkdaşları ilə birlikdə keçirilən tədbirlərlə şübhəli şəxslər müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla rayon sakinləri Teymur Əliyev və əvvəllər məhkum olunmuş Rövşən Həmidovun  oğurladıqları həmin avtomobili birincinin evinin həyətində ayrı-ayrı hissələrə böldükləri, bəzi hissələrini isə satdıqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən qeyd edilən avtomobilin dam hissəsi  T.Əliyevin həyətində aşkar edilərək, digər hissələr isə doğranmış vəziyyətdə rayon ərazisindəki gölün ətrafında tapılaraq maddi sübut kimi götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb.

Noyabrın 8-də metronun “Nizami” stansiyasında Şamaxı rayon sakini X.Mürsəlovanın çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf İsgəndərov Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Taleh Muxtarovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun noyabrın 2-də rayon ərazisindəki daha bir evdən pul və mobil telefon oğurlaması da müəyyən edilib.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Hikmət Şahverdiyevin ətrafında Xətai RPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun avqustun 25-də  Marat Musikayevə məxsus avtomobildən 2 ədəd mobil telefon oğurlaması da müəyyən edilib.

Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən rayon ərazisindəki kafelərdən birindən 200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Kəmalə Musayeva tutulub.

Noyabrın 8-də saat 23 radələrində Suraxanı rayonunun Babək prospektində Bakı şəhər sakini Telman Əsgərov idarə etdiyi “Range Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Nadir Sadıqovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Noyabrın 8-də saat 19 radələrində Səbail rayonunun Salyan yolu küçəsində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Könül Ələkbərova vurulub və nəticədə piyada hadisə yerində ölüb. Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.