KRİMİNAL XRONİKA

Əsas səhifə

Xarici vətəndaşlara qarşı törədilmiş iki cinayətin üstü polis əməkdaşları tərəfindən...

09.11.2017

Xarici vətəndaşlara qarşı törədilmiş iki cinayətin üstü polis əməkdaşları tərəfindən açılıb. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edən  əcnəbi vətəndaş T.İliyana kirayədə yaşadığı mənzildən 50 manatının, fotoaparatının və 2 ədəd mobil telefonunun oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kənan Orucov tutulub.  Digər analoji cinayətin üstü Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən açılıb. Noyabrın 4-də əcnəbi vətəndaş Ə.Alsaidinin rayon ərazisində kirayədə yaşadığı evdən 500 manat, 1000 ABŞ dolları, qol saatı və mobil telefon oğurlanıb. Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva və Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş Maya Yaqubova 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar. Hər iki faktla bağlı cinayət işləri başlanılıb.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rail Quliyevin ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun avqustun 20-də rayon ərazisindəki evlərdən birindən 10.000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Noyabrın 8-də saat 21 radələrində Xəzər rayonunun Binə qəsəbəsindən qəsəbə sakini Ceyhun Mirzəyevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. Bakı şəhər BPİ DYPİ və Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 22 radələrində Sabunçu rayonu ərazisində müəyyən edilərək saxlanılıb və onu idarə edən paytaxt sakini Saməddin Əliyev 1-ci Polis Bölməsinə gətirilib. Xəzər RPİ tərəfindən araşdırma aparılır. 

Noyabrın 8-də saat 4.00 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsindən sərxoş vəziyyətdə olan Şamaxı rayon sakini Sovqat Məmmədovun kəllə-beyin xəsarəti və ayağı sınmış vəziyyətdə xəstəxanaya gətirilməsi barədə 38-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin yol-nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarəti aldığı məlum olub. DİN-in Təhlükəsiz Şəhər Xidməti ilə birgə keçirilmiş tədbirlərlə hadisənin  “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.  Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin sürücüsü - Bakı şəhər sakini Eldar Eldarov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.