KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

14.01.2018

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayının 9-dan yanvarın 12-dək rayon ərazisindəki 3 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini Anar Əzizov saxlanılmışdır.

Yanvarın 14-də paytaxtın Nizami rayonu ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Elmar Məmmədovun 113 manatını açıq talama yolu ilə almışlar. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Pərviz Quliyev və Elməddin Quliyev saxlanılmışlar.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib. Yanvarın 14-də Bakı şəhər sakini Şahin Ələsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat daxil olub. Dərhal rayon Polis İdarəsi və prokurorluğu əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Peşəkarlıqla həyata keçirdilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vidadi Rzayev saxlanılaraq istintaqa cəlb olunub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə zəruri  istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də Bilgəh qəsəbəsi ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin kənarına quraşdırılan alüminiumdan olan çəpəri oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların paytaxt sakinləri Hüseyn Ağayev və Kamran Ağayev olmaları müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aprılır.

Yanvarın 14-də Sabunçu rayonunun Zabrat qəsəbəsi  ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qənbər Mirzəyev vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Dərhal əməliyyat tədbirlərinə başlanılıb, DİN-in və Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər xidmətlərinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin avtomobilin sürücüsü, paytaxt sakini Araz Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Yanvarın 8-də isə Sabunçu rayonunun Bilgəh qəsəbəsində Lerik rayon sakini Xəyal Ağayev yolu keçərkən müəyyən edilməyən avtomobillə vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Mirağa Mirallamov saxlanılaraq istintaqa təhvil verilib.Hər iki faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırma aparılır.