KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Babayeva...

21.01.2018

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Babayeva yanvarın 17-də metronun “Gənclik” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayət əməlini törədən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Kudaybirqanov olması məlum olub. Ətrafında aparılan tədbirlərlə onun yanvarın 19-da metronun “28 May” stansiyasında daha bir qadının cibindən mobil telefonunu oğurlaması da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.

Yanvarın 13-də Bakı şəhər sakini olan bir qadının kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə məlumat daxil olub. Dərhal əməliyyat qrupu yaradılıb, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin qadının Bakı şəhər sakini Firəngiz Heydərova olması, həmin gün yaşadığı evin girişində naməlum şəxsin onun başına küt alətlə xəsarət yetirərək içərisində 2 mobil telefonu olan çantasını alması müəyyən edilib. Baş Cinayət Axtarışı İdarəsi, Metropolitendə Polis Şöbəsi, 24-cü Polis Bölməsi, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun  Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Etibar Məmmədov olması müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. 

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən nəqliyyat vasitəsi qaçırdığına görə tutulan Azər Salayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayətlərinin də üstü açılıb. Belə ki, onun 2016-cı ilin oktyabrın 12-də və 24-də daha iki “VAZ-2104” markalı avtomobilləri qaçırması və həmin qanunsuz əməli 2 nəfərlə birgə törətməsi də müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhər sakinləri Nicat Ağabəyov və Elşən Babayev müəyyən edilərək saxlanılıblar.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakinləri Abdulla İsmayılov və Tural Səmədli naməlum şəxsin onları aldadaraq mobil telefon almasını bildiriblər. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və şübhəli qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun əvvəllər məhkum olunmuş, həmçinin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan paytaxt sakini Ramin Rzayev olması müəyyən edilib. Baxış zamanı ondan 1,602 qram narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.