KRİMİNAL XRONİKA

Əsas səhifə

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri...

18.02.2018

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 13-dən fevralın 4-dək olan müddətdə rayon ərazisində 1 mağazadan və 3 evdən qızıl boyunbağı, su mühərriki, ərzaq məhsulları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Zərdab rayon sakini Əmrah Əmrahov və Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılmışlar.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 16-da rayon ərazisindəki 1 mağazadan 2720 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Səmədov və Beyləqan rayon sakini olan 1 yeniyetmə saxlanılmışlar.

Oğurluq etdiklərinə görə tutulmuş Nazim Salmanovun və Arzu Məmmədovun ətrafında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onların 2 nəfərin ciblərindən və 1 qadının çantasından mobil telefon və pulqabı oğurlamaları da müəyyən edilmişdir. 

Paytaxt sakini Ş.Quliyevanın içərisində 62 manat pulu, mobil telefonu və açarı olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Yevlax rayon sakini Məcid Abbasov Yasamal RPİ 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xətai RPİ 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə yanvarın 17-də S.Quliyevanın içərisində 400 manat və sənədi olan pulqabısını oğurlamaqda şübhəli bilinən Asif Quliyev saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun daha 2 qadının çantasından pulqabılarını oğurlaması da müəyyən edilib.

Fevralın 18-nə keçən gecə DİN-in “102” Xidməti Zəng Mərkəzinə Nərimanov rayonu ərazisindəki bir şirkətdən və 1 mağazadan oğurluq edilməsi barədə məlumatlar daxil olub. Dərhal aidiyyatı üzrə hadisə yerinə gələn Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla karqo şirkətindən və mağazadan 150 manat pul, “Wi-Fi” aparatı, yaddaş qurğusu, mobil telefon, ev telefonu və qiymət çap edən aparatın oğurlanması məlum olub. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Alıyev qısa zamanda müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.