KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini...

26.10.2018

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini P.Babayeva oktyabrın 26-da saat 15 radələrində İstiqlaliyyət küçəsindən  “Audi” markalı avtomobilinin qaçırıldığını bildirib. Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Qısa müddətdə Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin R.Behbudov küçəsində hərəkətdə olduğu müəyyən edilib. Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Anar Əhmədov avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Səbail RPİ-də araşdırma aparılır.  

Oktyabrın 25-də saat 22 radələrində DİN-in “102 – Zəng Mərkəzi”nə Suraxanı rayonu ərazisindəki marketlərin birindən soyğunçuluq edilməsi barədə müraciət daxil olub. Dərhal Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsindəki həmin marketə gəlib, müvafiq tədbirlər görülüb. Araşdırmalarla məlum olub ki, saat 22 radələrində mağazaya girən maskalı şəxs kassadakı pulları açıq talama yolu ilə aparmağa cəhd göstərib. Lakin kassir qadın onunla əlbəyaxa olduğundan və səs-küy saldığından istəyinə nail ola bilməyib və oranı tərk edib. Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Elməddin Bayramov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Oktyabrın 25-də Binəqədi Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Ələkbərov yeniyetmə oğluna hədə-qorxu gələn bir neçə nəfərin ondan oktyabrın 4-də 27.000 ABŞ dolları, oktyabrın 5-də isə 18.000 ABŞ dolları aldıqlarını bildirib. Məlumatla əlaqədar 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır. 

Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən oktyabrın 25-də rayon ərazisindəki kompyuter salonlarının birindən pul və 1 ədəd kompyuter oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İsmayıl Rüstəmov saxlanılmışdır. Onun həmin gün Bülbülə qəsəbəsi ərazisindəki gözəllik salonlarının birindən  mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 25-də Bakıxanov qəsəbəsindəki evlərin birindən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Məmməd Həsənov və Vüsal Əlizadə saxlanılmışlar.