KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

29.10.2018

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma), 221-ci (Xuliqanlıq) və 259-cu (Qanunsuz ağac kəsmə) maddələri ilə axtarışda olanlar - Elşən Hüseynov və Tural Əsgərov saxlanılaraq istintaqa cəlb ediliblər.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 22-də rayon ərazisindəki evlərin birindən noutbuk, samovar və geyim əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Zərdab rayon sakini Valeh Həsənov və Kəlbəcər rayon sakini Samir Orucov saxlanılmışlar. S.Orucovun ətrafında aparılmış tədbirlərlə onun oktyabrın 20-dən 28-dək olan müddtədə  daha 3 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Salmanov oktyabrın 28-də M.Ə.Rəsulzadə qəsəbəsindəki evinə gələn 2 nəfərin onu həyətə çağırıb döydüklərini, “Niva” markalı avtomobildə Qobu qəsəbəsindəki bir evə apararaq yenidən döyərək borclu olduğu pulu tələb etdiklərini bildirib. Məlumatla əlaqədar təxirəsalınmaz əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri olan Elşən və Elvin Mustafayevləri qısa müddətdə müəyyən edərək saxlayıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 322.2-ci (özbaşınalıq - eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. 

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.İsmayılov oktyabrın 28-də rayon ərazisindəki qəbiristanlıqda 2 nəfərin onu döyərək pulunu və 2 ədəd mobil telefonunu aldığını bildirib. Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa müddətə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.  Araşdırmalarla Bərdə rayon sakini olan Sənan Səlimov və Ağdam rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nicat Abdullayevin digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların oktyabrın 27-də soyğunçuluq yolu ilə Bərdə rayon sakini olan bir yeniyetmənin pulunu və mobil telefonunu aldıqları da müəyyən edilib. Nizami RPİ-də araşdırma aparılır.

Narkotik vasitə ilə tutulmuş Azad Hüseynovun ətrafında  Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun R.Vəliyevin içərisində 110 manat və 60 avro pulu, 6 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantasını oğurladığı da müəyyən edilmişdir. 

Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ü.Abdullazadənin 100 manatını soyğunçuluq yolu almaqda şübhəli bilinən paytaxt sakini Şaban Məmmədov saxlanılmışdır.

Oktyabrın 29-da  Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərinin birində Abşeron rayon sakini Rəvan Nəsirovun 90 manat pulu piştaxtanın üzərindən oğurlanmışdır. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Emin Məmmədov saxlanılmışdır.