KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi rayonu ərazisində 7 evdən oğurluq etməkdə şübhəli bilinən şəxs...

05.11.2018

Binəqədi rayonu ərazisində 7 evdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb. Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-dan noyabrın 4-dək olan müddətdə Binəqədi və Biləcəri qəsəbələri ərazilərində 5 evdən kombi, qaynaq aparatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Camaləddin Cəfərov saxlanılıb. Araşdırmalarla onun Binəqədi qəsəbəsi ərazisində daha 2 evdən məişət əşyaları oğurlaması da polis əməkdaşları tərəfindən müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. 

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İ.Əsgərova hədə-qorxu gəlib pulunu almağa cəhd göstərməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Ələkbər Bulatov və Sahil İsayev saxlanılmışlar. Ə.Bulatovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il oktyabr ayının 19-dan noyabr ayının 5-dək olan müddətdə Bilgəh qəsəbəsi ərazisində bağ evlərinin birindən məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş G.Abdullayevanın ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini C.Nəzərovun cibindən 500 manat və 800 ABŞ dolları oğurlaması da müəyyən edilmişdir.

Nəqliyyat vasitəsi qaçırdığına görə tutulmuş Azər İbrahimovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha bir avtomobildən 580 manat pul və mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 4-də rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əsgər Eyvazov saxlanılmışdır.

Noyabrın 5-də saat 21 radələrində Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Arif Namazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Biləcəri qəsəbə sakini Abiddin Bağırovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.