KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 26-da saat 1 radələrində Yasamal rayonunun Moskva prospektində 3 nəfər...

03.12.2018

Noyabrın 26-da saat 1 radələrində Yasamal rayonunun Moskva prospektində 3 nəfər naməlum şəxs Sumqayıt şəhər sakini olan bir nəfərin idarə etdiyi “London-Taxi” markalı avtomobilə sərnişin qismində oturub Xırdalan şəhərinə gedəcəklərini bildirmişlər. Xırdalan şəhəri ərazisində onlar sürücünü bıçaqla hədələyərək 63 manat pulunu və mobil telefonunu alıb hadisə yerini tərk etmişlər. Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirdiyinə görə məhkum olunmuş Sahib Cəfərli saxlanılmışdır. Bu cinayətdə şübhəli bilinən S.Cəfərlinin qardaşı, əvvəllər qəsdən sağlamlığa zərər vurduğu üçün 2 dəfə məhkum olunmuş Mehdi dekabrın 3-də Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırmalarla onun qanunsuz olaraq silah saxladığına görə axtarışda olması da müəyyən edilmişdir. 

Xətai RPİ 34-cü PŞ və 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də və 24-də paytaxt sakini olan 2 qadının çantasından pul və sənəd oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Teymur Hüseynov və Kürdəmir rayon sakini Vasif Babayev saxlanılmışlar. Üzərinə şəxsi axtarış zamanı T.Hüseynovdan 0,159 qram və V.Babayevdən 0,172 qram heroin götürülmüşdür. Onların dekabrın 3-də 40 saylı xətt avtobusunda Bakı şəhər sakini olan bir nəfərin cibindən mobil telefon oğurlamaları da müəyyən edilmişdir. 

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 1-də rayon ərazisindəki evlərin birindən 500 manat oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini Aysel Şirinova saxlanılmışdır. 

Dekabrın 3-də saat 11 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Ədalət Bağırov idarə etdiyi “VAZ-21099” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüşdür. 

Dekabrın 3-də saat 21 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Namaz Namazov vurulmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta-ağırdır. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.