KRİMİNAL XRONİKA

Əsas səhifə

Yanvarın 26-na keçən gecə paytaxtın Nərimanov rayonunun F.Yusifov küçəsindəki...

18.02.2019

Yanvarın 26-na keçən gecə paytaxtın Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən 8000 manat pul və 7000 manat dəyərində süni saçların oğurlanması barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olmuşdur. Məlumatla əlaqədar müvafiq araşdırmalar aparılmışdır.  Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Quliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüşdür. Araşdırma aparılır. 

Fevralın 15-də saat 20 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisindən qəsəbə sakini Ə.Rəhimovun  xəsarətlə xəstəxanaya gətirilməsi barədə 14-cü Polis Şöbəsinə məlumat daxil olmuşdur. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür. Araşdırmalarla  Ə.Rəhimovun qəsəbə ərazisində yolu keçərkən avtomobillə vurulması məlum olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib. Qəza törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini M.Abbasov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır. 

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də Ş.Qafarovu bıçaqla hədələyib quldurluq yolu ilə 200 manatını almaqda şübhəli bilinən Y.Tağıyev və A.Məmmədov saxlanılmışlar.

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da paytaxt sakini A.Rəhimova zor tətbiq edərək 80 manatını almaqda şübhəli bilinən Bakı şəhər sakini V.Bağırov saxlanılmışdır.

Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən fevralın 14-də rayon ərazisindəki mağazaların birindən 480 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Bayramova və M.Hüseynova saxlanılmışlar.

Fevralın 18-də saat 15 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini A.Mənsimov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən paytaxt sakini Ə.Əliyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır. 

Oğurluq etdiklərinə görə tutulmuş P.Əsədullayevanın, Z.Pənahovun, F.Kərimovun və F.Nəsirovun ətraflarında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki 1 həyətyanı sahədən velosiped və bir qadının çantasından pul və sənəd oğurlamaları da müəyyən edilmişdir.

Paytaxtın Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olan 12 nəfər, o cümlədən 2 kişi, 3 qadın və 7 azyaşlı polis əməkdaşları tərəfindən saxlanılmış və barələrində protokollar tərtib edilmişdir.