KRİMİNAL XRONİKA

Əsas səhifə

Martın 25-də saat 5 radələrində Yasamal rayonunun Moskva prospektində Quba rayon sakini...

25.03.2019

Martın 25-də saat 5 radələrində Yasamal rayonunun Moskva prospektində Quba rayon sakini V.Rüstəmov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayrıcısına vurmuşdur. Nəticədə avtomobildəki sərnişinlərdən Hacıqabul rayon sakini Xəyyam Məmmədov xəstəxanaya aparılarkən yolda ölmüş, özü və digər iki sərnişini xəstəxanaya yerləşdirilmişdir. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Martın 25-də saat 23 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Abuzərli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Dilarə Səlimovanı vurmuşdur. Piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən Füzuli rayon sakini T.Vəliyevin rayon ərazisində yaşadığı evə baxış zamanı 1 ədəd “RQD-5” markalı qumbara, 2 ədəd dürbün (binokl), 0,280 qram metamfetamin, 4 ədəd falqa, 508,961 qram marixuana, 40,658 qram çətənə kolu, elektron tərəzi və 19 ədəd şpris aşkar edilərək götürülmüşdür.

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 15-də rayon ərazisində yeni inşa olunmuş yaşayış binalarının birindən 2500 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Vəliyev saxlanılmışdır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 22-də Bakı şəhər sakini N.Mammədovun 200 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinənlər - paytaxt sakini Z.Həsənov və Gəncə şəhər sakini B.Həsənov saxlanılmışlar.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 12-də və 15-də rayon ərazisindəki iki həyətyanı sahədən 5 baş qoyun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov saxlanılmışdır.

Əlahiddə Çevik Polis Alayı və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 25-də rayonun 20 Yanvar küçəsində yerləşən orta məktəbdən 3 ədəd noutbuk, 2 ədəd proyektor, 2 ədəd sürətçıxaran, 2 ədəd istilik radiatoru, 4 ədəd səsgücləndirici və digər məktəb ləvazimatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Cavadov saxlanılmışdır.