KRİMİNAL XRONİKA

Əsas səhifə

Aprelin 27-də saat 22 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində...

02.05.2019

Aprelin 27-də saat 22 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 35-40 yaşlı kişi vurulmuş və o, hadisə yerində ölmüşdür. Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun  Bakı şəhər sakini İlqar Məmmədov olması, yol-nəqliyyat hadisəsinin isə “Opel” markalı avtomobillə törədildiyi müəyyən edilmişdir. Görülmüş tədbirlərlə piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən paytaxt sakini İ.Həşimov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır. 

Oğurluq etdiyinə görə tutulmuş N.Hüseynovun ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 4 evdən kombi, təmir-tikinti alətləri, samovar, su mühərriki və elektrik naqili oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqələrinin birindən 4000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.İbrahimov saxlanılmışdır.

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da rayon ərazisindəki ofislərin birindəki seyfdən 5900 manat, 2450 ABŞ dolları və 200 avro pul, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Ağayev saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aprelin 30-da rayon ərazisindəki evlərin birindən 1850 manat oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini S.Mustafayev saxlanılmışdır.