KRİMİNAL XRONİKA

Əsas səhifə

Metropolitendə Polis Şöbəsinə müraciət edən Kürdəmir rayon sakini...

06.05.2019

Metropolitendə Polis Şöbəsinə müraciət edən Kürdəmir rayon sakini Q.Əzizova mayın 4-də metronun “28 May” stansiyasının platformasında çantasından içərisində pulu, bankomat kartları və sənədləri olan pulqabısının oğurlandığını bildirmişdir. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilmişdir. Metropolitendə Polis Şöbəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş E.Hüseynov saxlanılmışdır.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə aprelin 13-də metronun “28 May” stansiyasının platformasında Abşeron rayon sakini M.Mirzəyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş M.Cəfərov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 22-də “28 May” stansiyasının platformasında Abşeron rayon sakini S.Nəbizadənin cibindən mobil telefonunu oğurlaması da müəyyən edilmişdir. Faktlarla bağlı araşdırmalar aparılır. 

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə mayın 2-nə keçən gecə N.Əliyev küçəsindəki 2 binada liftlərin əyləc dolaqlarının oğurlanması barədə müraciət daxil olmuşdur.  Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Pimenov polis əməkdaşları tərəfindən saxlanılmışdır.  Araşdırma aparılır.

Mayın 6-da saat 15 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsinin Babək küçəsində yolu keçən qəsəbə sakinləri Kübra Mahmudova və onun azyaşlı nəvəsi Nuray avtomobillə vurulmuşdur. Sürücü hadisə yerini tərk etmişdir. Hər iki piyada xəstəxanaya yerləşdirilmişdir. DİN-in “Təhlükəsiz Şəhər” Xidməti və Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən edilmişdir.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 5-də rayon ərazisindəki evlərin birindən 6730 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Əlizamanova saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 4-də paytaxt sakini C.Cəlilovun 1430 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Fərəcullayev və Samux rayon sakini R.Orucov saxlanılmışlar.

Oğurluq etdiyinə görə tutulmuş X.Məmmədovun ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 22-dən mayın 3-dək olan müddətdə rayon ərazisindəki uşaq bağçalarının birindən televizor və bir kafedən noutbuk, 2 ədəd televizor və 2 ədəd toster oğurlaması da müəyyən edilmişdir.