KRİMİNAL XRONİKA

Əsas səhifə

Mayın 9-da saat 23 radələrində Binəqədi rayonunun 6-cı mikrorayon ərazisində...

09.05.2019

Mayın 9-da saat 23 radələrində Binəqədi rayonunun 6-cı mikrorayon ərazisində İ.Həşimov küçəsində Şərur rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 54-cü (intizam xarakterli hərbi hissədə saxlama), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 66-cı (cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddələrinə görə məhkum olunmuş H.Tağıyev münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinə görə məhkum olunmuş E.Səfərova bıçaqla xəsarət yetirməsi və E.Səfərovun hadisə yerində ölməsi barədə 7-ci Polis Bölməsinə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür. Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtrış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən H.Tağıyev tutulmuşdur.

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən 2-ci Alatava yaşayış sahəsində yaşayan Ə.Orucov mayın 9-na keçən gecə “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Müraciətlə əlaqədar dərhal təxirəsalınmaz tədbirlərə başlanılmışdır. “Təhlükəsiz Şəhər” Xidməti tərəfindən avtomobilin Zərdab rayonu ərazisində olduğu müəyyən edilmişdir. 29-cu Polis Şöbəsi və Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Quliyev və Kürdəmir rayon sakini M.Hüseynov Zərdab rayonu ərazisində saxlanılmışlar. Polis əməkdaşları tərəfindən avtomobilin üzərində başqa bir nəqliyyat vasitəsinə məxsus – 10-NP-476 dövlət qeydiyyat nişanları aşkar edilmiş və onların törətdikləri daha bir cinayət əməlinin üstü açılmışdır. Həmin maşına məxsus 27 BR 862 dövlət qeydiyyat nişanları isə avtomobilin yük yerindən aşkar edilmişdir. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların mayın 9-na keçən gecə Novxanı kəndi ərazisindən kənd sakini S.Cavadova məxsus “VAZ-21063” markalı avtomobilin 10-NP-476 dövlət qeydiyyat nişanlarını oğurlayıb qaçırdıqları avtomobilin üzərinə vurmaları müəyyən edilmişdir. Həmçinin A.Quliyevin əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə məhkum olunduğu da müəyyənləşdirilmişdir. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Cari il yanvarın 16-da paytaxtın Nəsimi rayonu ərazisindəki evlərin birindən 3200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini N.İsmayılov Qazax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 22-ci Polis Şöbəsinə təhvil verilmişdir.