KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 14-də saat 6 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində Bakı şəhər sakini...

14.11.2019

Noyabrın 14-də saat 6 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində Bakı şəhər sakini K.Alıyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Cavad İbadovu vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Noyabrın 14-də saat 9 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakinləri S.Qaybalıyevi və Xəyyam Hümbətovu vurmuşdur. Nəticədə hər 2 piyada xəstəxanaya yerləşdirilmiş, X.Hümbətov orada ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakini R.Şabanova noyabrın 13-də saat 1 radələrində rayon ərazisində 1 nəfərin ona zor tətbiq edərək 200 manat dəyərində qızıl boyunbağısını aldığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini S.Əsədov saxlanılmışdır.

Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Q.Umarova cari ilin avqust ayında Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş P.Əliyevin onu aldadaraq 15.000 manatını aldığını bildirmişdir.  Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən P.Əliyev polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilmişdir.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Tərtər rayon sakini M.Əliyevin mobil telefonunu və içərisində 50 manat, 55.000 rubl (1320 manat) olan pulqabısını cibindən oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş C.Həsənov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş H.Bağırovun ətrafında Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 evdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Suraxanı RPİ 32-ci PB-nin əməkdaşları tərəfindən oktyabrın 30-dan noyabrın 10-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən pul, sənəd, eynək, təmir-tikinti alətləri, qaynaq aparatı və elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Bayramov saxlanılmışdır.

Xətai RPİ 35 və 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də rayon ərazisindəki mağazaların birindən 940 manat oğurlamaqda şübhəli bilinən S.Pənahov saxlanılmışdır. Onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.