KRİMİNAL XRONİKA

Əsas səhifə

Dekabrın 20-də saat 13 radələrində Nərimanov rayonunun...

20.12.2019

Dekabrın 20-də saat 13 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini M.Rzayevin idarə etdiyi mopedlə F.Muradovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşmuş və nəticədə M.Rzayev hadisə yerində ölmüşdür. Nərimanov RPİ tərəfindən araşdırmalar aparılır.
 
Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən 200 manat pul, noutbuk, qol saatı, təmir-tikinti alətləri və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini X.Kərimov saxlanılmışdır.
 
Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki mağazaların birindən 550 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nurəliyev saxlanılmışdır.

Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində 2 avtomobildən pul, maqnitofon, səsgücləndirici və fləşkart oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əhmədov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş C.Kipçatovun ətrafında Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha bir mağazadan 670 manat pul və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.

Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən 160 manat pul və 1300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş S.İsmayılov saxlanılmışdır.

Bakı ŞBPİ və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Y.Əzizovun 800 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini K.Pirquliyev və Saatlı rayon sakini Q.Əliyev saxlanılmışlar. Ətraflarında aparılmış tədbirlərlə onların Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Q.Abdalov və Şamaxı rayon sakini V.Qədirovla birgə E.Niftullayevi döyüb quldurluq yolu ilə 100 manat pulunu və mobil telefonunu almaları da müəyyən edilmişdir. Əməliyyat tədbirləri ilə Q.Abdalov və V.Qədirov da polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarı tədbirləri nəticəsində C.Əhmədova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Nəsirli saxlanılmışdır.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 marketdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilmişdir. Həmin mağazaların satıcıları – M.Cəfərov və M.Salmanov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuşdur. Bu istiqamətdə reydlər davam etdirilir.
 
Dekabrın 20-də saat 13 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində “Daewoo” markalı xətt avtobusu ilə yolun kənarı ilə velosiped sürən qəsəbə sakini Roman Nəsibov vurulmuşdur. Sürücü nəqliyyat vasitəsindən düşərək hadisə yerini tərk etmişdir.  Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Nəsibov orada ölmüşdür. Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış  tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, paytaxt sakini X.Novruzov saxlanılmışdır. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.