KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini...

18.01.2020

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Qafarov yanvarın 16-da saat 22 radələrində idarə etdiyi “Cherry” markalı avtomobildə sərnişin qismində olan şəxsin onu bıçaqla hədələyərək 150 manat pulunu aldığını bildirmişdir. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilmişdir. Polis əməkdaşları tərəfindən bu cinayət əməlini törədənin şəxsiyyəti müəyyən edilmiş və saxlanılması istiqamətində tədbirlər görülür.

Yanvarın 18-də saat 7 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Ağsu rayon sakini D.Zərbalıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rövşən Qasımovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş B.Bünyadovun ətrafında DİN-in Baş Cinayət Axtarışı,  Bakı ŞBPİ-nin  Cinayət Axtarışı idarələri və Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində xətt avtobuslarında Bakı şəhər sakinləri olan 3 nəfərin ciblərindən pul, bankomat kartları və sənəd oğurlaması da müəyyən edilmişdir.

Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini R.Aslanlının 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş M.Bəhramov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və mobil telefonlar götürülmüşdür.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 3800 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Muradov saxlanılmışdır.