KRİMİNAL XRONİKA

Əsas səhifə

Fevralın 2-də Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakini...

05.02.2020

Fevralın 2-də Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakini M.Babayeva cari il yanvarın 29-da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağından oğluna məxsus “Mercedes” markalı avtomobilin qaçırılmasını və fevralın 2-də həmin yerə qaytarılmasını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdam rayon sakinləri olan 2 qardaş – T.Cəfərov və E.Cəfərov müəyyən edilərək saxlanılmışlar. Araşdırmalarla T.Cəfərovun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.

Xətai RPİ-nin 36-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini L.Bağmanova yanvarın 28-də rayon ərazisində 1 nəfərin ona zor tətbiq edərək içərisində pul, 2 ədəd mobil telefon, açarlar, sənəd və bank kartları olan çantasını aldığını bildirmişdir. Xətai RPİ 36-cı PB və 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş C.Ağayev müəyyən edilərək saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 2 mağazadan ümumilikdə 360 manat və 2 ədəd ətir oğurlaması da müəyyən edilmişdir.