KRİMİNAL XRONİKA

Əsas səhifə

Fevralın 13-də saat 22 radələrində Bakıxanov qəsəbəsi ərazisindən ...

14.02.2020

Fevralın 13-də saat 22 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Bakı şəhər sakini İ.Tağızadəyə məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə məlumat daxil olmuşdur. DİN-in Təhlükəsiz Şəhər Xidməti, ƏÇPA və 13-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş E.Kərimov qeyd edilən avtomobillə birgə saxlanılmışdır. Sabunçu RPİ tərəfindən araşdırma aparılır. 
 
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 9 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Allahverdiyev, əvvəllər məhkum olunmuş M.Əliyev və Masallı rayon sakini S.Əsədov saxlanılmışlar.
 
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində dönərxanaların birindən 800 manat və dönər aparatı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş N.İsmayılov saxlanılmışdır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Nəhmətovanın içərisində pulu, sənəd və mobil telefonu olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri E.Qafarov və S.Hidayətov saxlanılmışlar.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 mağazadan pul, 9 ədəd mobil telefon və yaddaş kartları oğurlaması da müəyyən edilmişdir. 

Oğurluq etdiyinə görə tutulmuş H.Dadaşzadənin və A.Həsənovun ətrafında Nərimanov RPİ 17-ci PŞ, Nizami RPİ 23-cü PB və Xətai RPİ 37-ci PŞ-lərin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların fevralın 14-nə keçən gecə Nərimanov rayonu ərazisindəki gözəllik salonlarının birindən 180 manat pul, Xətai rayonu ərazisindəki gözəllik salonlarının birindən 1800 manat olan pulqabı və mobil telefon oğurlamaları da müəyyən edilmişdir.
A.Həsənovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 14-nə keçən gecə Nizami rayonu ərazisindəki mağazaların birindən 1723 manat, 1 ədəd qol saatı və mobil telefon oğurlaması da müəyyən edilmişdir.     
 
Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə ilə tutulmuş İ.Əliyevə narkotiki satmaqda şübhəli bilinən Balaxanı qəsəbə sakini T.Ağayev müəyyən edilmişdir. Onun yaşadığı evdən 508 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə T.Ağayeva narkotik vasitəni satmaqda şübhəli bilinən Biləsuvar rayon sakini İ.Hüseynov  da müəyyən edilərək saxlanılmışdır. Onun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 525 qram heroin, 131 qrama yaxın tiryək aşkar edilərək götürülmüşdür. 

Pirallahı RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Ə.Eyvazovdan 42 qrama yaxın tiryək, metadon, 401 qrama yaxın marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. 

Xətai RPİ-nin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Bakı şəhər sakini E.Kələşovun mobil telefonunu və 270 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini R.Quliyev saxlanılmışdır.