KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən ...

19.02.2020

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Novruzov 2019-cu il oktyabrın 9-da A.Manafov küçəsində 2 nəfərin onu bıçaqla hədələyib mobil telefonunu aldığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Əhmədov və Qazax rayon sakini İ.Məhəmmədov saxlanılmışlar. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanmışdır. Araşdırma aparılır.

Fevralın 19-da saat 8 radələrində Nəsimi rayonu ərazisində piyada keçidində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini V.Ələkbərova vurulmuş və piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, Neftçala rayon sakini N.Cəfərov saxlanılmışdır. Araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş K.Nəcəfovun ətrafında Binəqədi RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində “Mercedes” markalı avtomobildən 700 manat və 50 ABŞ dolları oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də rayon ərazisindəki evlərin birindən 100 manat, 560 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Niftəliyev saxlanılmışdır.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 6 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Ağazadə saxlanılmışdır.

Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.Orucova fevralın 18-də Landau küçəsində müəyyən edilməmiş motosiklet sürücüsünün onun içərisində 220 manat, bank kartları və mobil telefon olan pulqabısını açıq talama yolu ilə aldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri F.Balayev və əvvəllər məhkum olunmuş A.Quliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Oğurluq etdiyinə görə tutulmuş T.Sadıqlının ətrafında Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində  “Mercedes” markalı avtomobildən 3 ədəd mobil telefon və 2 ədəd eynək oğurlaması da  müəyyən edilmişdir.