KRİMİNAL XRONİKA

Əsas səhifə

Martın 6-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında...

06.03.2020

Martın 6-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində isə Natiq Talıbovun qətlə yetirilmiş meyitlərinin tapılmaları barədə DİN-in “102” Zəng Mərkəzinə məlumatlar daxil olmuşdur.  Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində  qətlin münaqişə zəminində Z.Hacıyevanın əri A.Hacıyev və onun qardaşı tərəfindən  törədilməsi müəyyən edilmişdir.  S.Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmişdir. Digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı cinayət işi başlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini R.Əliyevin içərisində 2800 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Məmmədov saxlanılmışdır.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 4-cü Polis Şöbəsi  əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 330 manat pul və 550 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini A.İsmayılov saxlanılmışdır.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də Bakı şəhər sakini N.Şükürova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Ağayev Suraxanı rayonu ərazisində avtomobillə birgə saxlanılmışdır.

DİN-in “102” Zəng Mərkəzinə Hövsan qəsəbəsi ərazisində quldurluq faktı barədə müraciət daxil olmuşdur. Qəsəbə sakini olan qadın martın 1-də saat 20 radələrində yaşadığı evə girən 2 nəfərin onu yumruqla vurub əllərini iplə bağlayaraq oradan 2150 manat, 2000 ABŞ dolları və 3000 manat dəyərində qızıl-zinə əşyalarını apardıqlarını bildirmişdir. Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla qadının quldurluq faktı barədə verdiyi məlumat təsdiqini tapmamışdır.  O, izahatında qızıl əşyalarını ərindən xəbərsiz lombarda verməsini etiraf etmişdir.