KRİMİNAL XRONİKA

Əsas səhifə

Martın 25-də saat 23 radələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması...

26.03.2020

Martın 25-də saat 23 radələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Bakı-Qazax yolunun 65-ci km-də təyin olunmuş postda Masallı rayon sakini V.Qəmbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb yüksək sürətlə hərəkətini davam etdirmişdir. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin avtomobil saxlanılaraq sürücüsü ilə birgə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə təhvil verilmişdir.  V.Qəmbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunmuşdur.

Səbail RPİ 9-cu PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilmişdir.Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 5 kiloqramdan artıq marixuana götürülmüşdür.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 25-də rayon ərazisindəki evlərin birindən 4000 manat oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini R.Əliyev saxlanılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qarajların birindəki seyfdən 3000 manat pul və 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Orucov və Abşeron rayon sakini Z.Allahverdiyev saxlanılmışlar.

Martın 26-da saat 23 radələrində Binəqədi rayonunun Azadlıq prospektində naməlum sürücü idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən 35 yaşlı kişini vurub eyni istiqamətdə hərəkət edən Bakı şəhər sakini C.Hüseynovun idarə etdiyi “Hyundai” markalı avtomobilin qarşısına atmışdır. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.