KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının ...

04.08.2020

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan A.Ağayevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 28 ədəd dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 33 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. 

İyulun 31-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Q.Hüseynov müəyyən edilməmiş avtomobillə vurulmuşdur. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xəzər RPİ-nin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Piyadanın xəsarət alması ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Kərimov polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır. 

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə avqustun 4-də rayon ərazisindəki mənzillərin birindən seyfi kəsməklə içərisində olan 1 000 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin tanışı, Bakı şəhər sakini T.Rəhimli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun qeyd edilən qızıl-zinət əşyalarını 75.000 ABŞ dollarına Göyçay rayon sakini Ə.Salmanova satması müəyyən edilmişdir. Davam etdirilən tədbirlərlə Ə.Salmanov da polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.