KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 16-da saat 16 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ...

17.09.2020

Sentyabrın 16-da saat 16 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Babək rayon sakini C.Şahverdiyevin idarə etdiyi “Daf” və Bakı şəhər sakini Qədir Rüstəmovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Q.Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxur qəsəbə sakini E.Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 94 ədəd çətənə  kolu aşkar edilərək götürülmüşdür.

Sentyabrın 15-də saat 2 radələrində Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini Ç.Rəhimovun xuliqanlıq zəminində pnevmatik tüfəngdən açdığı atəşlə kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ç.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılmış, ondan “Qamo” markalı pnevmatik tüfəng və 42 ədəd patron  (pnevmatik) götürülmüşdür.

Qumbara saxladığına görə tutulmuş E.Əliyevin ətrafında Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Mehdiabad qəsəbəsindəki evinin həyətindən əlavə 2 ədəd “F-1” qumbarası, 2 ədəd alışdırıcı və 9 ədəd 5,45 çaplı patrona aid gilizlər aşkar edilərək götürülmüşdür.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də S.İsmayılova məxsus velosipedi və skuteri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Həsənov və M.Quliyev saxlanılmışlar. Şəxsi axtarış zamanı M.Quliyevdən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-dən sentyabrın 14-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən ümumilikdə 860 manat pul, 3 ədəd mobil telefon və tibbi ləvazimatlar, habelə M.İsgəndərovun velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nemətov saxlanılmışdır.