KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə...

19.09.2020

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə cari il mart ayının 28-dən sentyabr ayının 17-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 250000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olmuşdur.
Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini C.Ağayev və Quba rayon sakini R.Əliməmmədov saxlanılmışlar.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qala qəsəbəsi ərazisində Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş H.Quliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 32 ədəd çətənə kolu, habelə evindən 260 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4400 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Səmədov saxlanılmışdır.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 18-nə keçən gecə Goradil bağlar sahəsindəki evlərin birindən 4495 manat dəyərində elektrik naqili və 2 ədəd su mühərriki oğurlamaqda şübhəli bilinən  Saatlı rayon sakini Ş.Əhmədov saxlanılmışdır.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində avtomobillərin birindən 2000 manat, mobil telefon və videoqeydiyyat qurğusu oğurlamaqda  şübhəli bilinən Neftçala rayon sakini Ə.Babayev və Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılmışdır.

Sabunçu RPİ 15-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağdaş rayon sakini O.Məmmədovun taksi kimi idarə etdiyi “Hyundai” markalı avtomobil, sərnişini İ.Mustafayevlə birgə saxlanılmışdır.
Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı oradan 1 kiloqram 62 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində sentyabrın 12-də Bakı şəhər sakini T.Nadirovanın içərisində 690 manat və 2 ədəd bankomat kartı olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Nəcəfov saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birinin anbarından 1280 manat pul və bankomat kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədzadə saxlanılmışdır.