KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən ...

21.09.2020

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini P.Quliyev sentyabrın 20-də saat 4 radələrində rayon ərazisindən “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş S.Xəlilov avtomobillə birgə Yasamal rayonu ərazisində saxlanılmışdır.
 
Ətrafında aparılmış tədbirlərlə onun C.Musayevə məxsus “Mercedes” markalı avtomobili qaçırması da müəyyən edilmişdir.
Araşdırma aparılır.

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakini Ə.Ləzimov sentyabrın 10-na keçən gecə rayon ərazisindən “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş F.Kərimov və Şamaxı rayon sakini N.Rəhimov sentyabrın 19-da avtomobillə birgə rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Y.Rəhimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın, Maştağa qəsəbəsindəki evindən isə 1 kiloqram 59 qram marixuana aşkar edilərək götürülmüşdür.

Sentyabrın 20-də saat 4 radələrində Nizami rayonunun H.Əliyev prospektində Kürdəmir rayon sakini N.Bağırov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Elvin Rəfixanovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da rayon ərazisindəki evlərin birindən 200 manat pul və 300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini O.Ağayev saxlanılmışdır.

Suraxanı RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Həzilinin idarə etdiyi “Mercedes” markalı avtomobil Hövsan qəsəbəsi ərazisində saxlanılmışdır. Baxış zamanı avtomobildən 1 ədəd qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi, 1 ədəd nömrəsi silinmiş pnevmatik tapança, 1 ədəd bıçaq, 2 ədəd boş giliz, 1 ədəd dəyənək və üzərinə bıçaq tiyəsi bərkidilmiş alət aşkar edilərək götürülmüşdür.

Sentyabrın 19-da saat 20 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini C.Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun ortasında dayanmış paytaxt sakini Əhməd Əhmədovu və ona məxsus nasaz vəziyyətdə dayanmış “KİA” markalı avtomobili vurmuşdur. Nəticədə Ə.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
 
Nizami RPİ tərəfindən araşdırma aparılır.