ATICILIQ TİRİNDƏ ZƏNGİN TƏƏSSÜRAT

Əsas səhifəMətbuatda polis

Bakı şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə Tədbirlər Planına müvafiq olaraq mayın 2-də ümummilli lider Heydər Əliyevin 91-ci ildönümü münasibətilə paytaxt məktəbliləri DİN-in Təchizat İdarəsinin Atıcılıq tiri ilə tanış edilmiş, polis əməkdaşlarının “Makarov” tapançasından atəş məşqini izləmişlər. 

Tədbirdə ümummilli lider Heydər Əliyevin qətiyyəti nəticəsində dövlətçiliyin qorunub saxlanması, sabitliyin bərqərar olmasında hüquq mühafizə orqanlarının xidmətləri vurğulanaraq, diqqətə çatdırılmışdır ki, Azərbaycan indi nəinki MDB məkanında, həmçinin Şərqi Avropa bölgəsi üzrə cinayətlərin sayının azlığı, sabitliyin etibarlı təminatı baxımından ən yaxşı göstəriciyə malik ölkədir. Bakı şəhər BPİ rəisinin şəxsi heyət üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev bildirmişdir ki, ölkəmizi uçurumdan qurtuluşa aparmış ulu öndər hüquq-mühafizə orqanlarının birgə uğurlu fəaliyyətini təşkil etməklə kifayətlənməmiş, həm də xalqın qüvvəsini, potensialını sabitliyin əldə edilməsinə səfərbər edə bilmişdir. Polis polkovniki “Polis haqqında”, “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı məlumat vermişdir. 
 
  
Atıcılıq tiri ilə tanışlıq zamanı xidməti silahdan istifadə və təyinatı ilə bağlı da məktəblilərə ətraflı məlumat verilmişdir.  Atıcılıq tirinin rəisi, polis mayoru Miqdət Əzizov xidməti silahın insanların həyat və sağlamlığının qorunması, təbiətin, təbii ehtiyatların, mülkiyyətin mühafizəsi ilə bağlı vəzifələri yerinə yetirən şəxslər tərəfindən istifadəsi üçün nəzərdə tutulduğunu qeyd etmişdir. O, vurğulamışdır ki, xidməti silahdan fərqli olaraq mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olmaq üçün nəzərdə tutulmuşdur.
 
Sonra tirin təlimatçıları, polis baş serjantları Ramil Paşayev və Ziya Səfərli əyani formada məktəblilərə polisin xidməti silahı - “Makarov” tapançasını nümayiş etdirmiş, onun hissələri ilə bağlı məlumat vermiş, təhlükəsizlik qaydaları ilə tanış etmişlər. Atəş məşq təlimlərində xüsusi fəallıqla seçilən, yüksək atəş hazırlığına malik Ramil Paşayev və Ziya Səfərli silahdan istifadə zamanı əməkdaşların nələrə daha çox diqqət yetirdiklərini sadalamışlar.
Təlimatçı polislər məktəbliləri maraqlandıran sualları cavablandırmış, daha sonra tirin atəş məşq zalında xüsusi praktiki təlimi izlənilmişdir. Təhlükəsizlik qaydalarına riayət etməklə yüksək atıcılıq qabiliyyətinə malik kişi və qadın polislər silahdan “hədəfə atəş” əmrini icra etmişlər. 
Bakı məktəbliləri filmlərdə gördükləri yüksək təhlükəsizlik texnologiyaları ilə təchiz edilmiş atıcılıq tirində polis əməkdaşlarının peşəkarlığını həyacan və maraqla izləmişlər. 
 
Elə həmin gün paytaxtın polis qarnizonun əməkdaşları arasında atıcılıq yarışı keçirilmişdir. Heyətdə 3 nəfər olmaqla ümumilikdə 14 komandanın qatıldığı yarışda həm şəxsi, həm də komandalar arası birincilik uğrunda mübarizə aparıldı. İştirakçılar arasında kimin daha sərrast olduğunu müəyyən etmək üçün silahlar hədəfə nişanlandı. Xəzər RPİ təmsilçilərinin uğurlu çıxışı sayəsində komanda turnirin qalibi oldu. 2-ci yerə Bakı şəhər BPİ, 3-cü yerə isə Metropolitendə PŞ-in yığması layiq görüldü.
 
Qadınlar arasında şəxsi hesabda hədəfi daha dəqiq nişan alan Bakı şəhər BPİ-nin təmsilçisi Aynurə Muradova 1-ci yeri tutdu. Növbəti yerlər müvafiq olaraq Arzu Şahbazovaya (Metropolitendə PŞ) və Aytən İsmayılovaya (Binəqədi RPİ) qismət oldu.
Şəxsi hesabın kişilər arasındakı nəticələrinə əsasən 1-ci və 2-ci yerlərə Xəzər RPİ-nin təmsilçiləri (Müşviq Abdullayev və Abbas Sadıqov) yiyələndilər. 3-cü yeri isə yarışda Nərimanov RPİ-nin təmsil edən Rəşad Rzazadə tutdu.