Xəbərlər

Əsas səhifə

Sabunçu rayonunda qanunsuz silah-sursat aşkar edilib

08.02.2021


Sabunçu rayonunda ayrı-ayrı şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib. 
Belə ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş vətəndaş Ədalət Bağırov saxlanılıb. Onun üzərinə baxış  keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq  və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu bildirib. 
Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş vətəndaş Canbaxış Əliyev tutulub. Onun üzərinə baxış zamanı 2 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq şöbə əməkdaşları tərəfindən Canbaxış Əliyevin Ramana qəsəbəsində yaşadığı evin həyətindəki istixanaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd sandıqça və 5 ədəd patron aşkar edilərək götürülüb. 
Hər iki faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.