Xəbərlər

Əsas səhifə

ƏZMKAR FƏALİYYƏTİN MEYARI

07.09.2015

Dəyişən dünya düzəni və yeni geosiyasi şəraitin fonunda cinayətkarlığın təhlili göstərir ki, ölkəmizdə ağır və xüsusilə ağır cinayətlər cəmi 10 faiz təşkil edir. Bu, illərdir digər hüquq-mühafizə orqanları ilə birgə, Azərbaycan polisinin gərgin xidmət fəaliyyətinin nəticəsində mümkün olub. Bu reallıqlar haqqında fikir söyləmək üçün əvvəlcə o fəaliyyət sahəsinin içində olmaq, yaxud onu yaxından müşahidə etmək, əlacsız qaldıqda, görünənləri aydın düşünmək lazımdır.

Ümumiyyətlə, təhlükəsizlik anlayışı, təhlükəsizlik söhbəti meydana çıxanda birinci növbədə yada polis düşür. Kütləvi maraqların hər həmləsində insanlar polisin davranışından tutmuş onun geyiminə qədər hər şeyi son ilməsinə qədər çözüb-çözələyir. Çox maraqlıdır ki, bununla yanaşı polisin nüfuzu həmişə cəmiyyətdə güclü olub. Polis olmasaydı, bugünkü mədəni-ictimai həyatımızı təmin edən amillər içərisində bu qədər güclü istinad - ictimai sabitlik ola bilməzdi. Ona görə də kütləvi şüurda polis haqqında səpələnən çeşidli fikirlər həqiqətin üzərindən xətt çəkə bilmir. Cəmiyyət tarixi baxımından müəyyən qədər paradoksal olur. “Polis olmasa?...” sualının arxasında onlarla sual durur ki, onların hər birinin cavabı var.

Azərbaycan cəmiyyətində cinayətlərin hansı səbəblərdən baş verdiyini, cəmiyyətə təsirini araşdırıb konretləşdirdikdə məlum olur ki, ildən-ilə cinayət təqibi aparatı möhkəmlənir, risk qrupları ictimaiyyətin dəstəyi ilə ya polis nəzarətindədir,
yaxud həbsdədir. Respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müsahibələrinin birində ulu öndər Heydər Əliyevin “hakimiyyət nümayəndəsi olaraq polis xalqa xidmət etməli, öz qətiyyəti, peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük etimadını qazanmalıdır” tələbini vurğulayaraq bildirir ki, Azərbaycan polisi zamanın tələbinə və dünya təcrübəsinə uyğun müasir iş metodlarına əsaslanır.

İndi dünyanın elə çağıdır ki, cəzasız qalacağına arxayın olan biri daha böyök fikrə düşür. Aydın həqiqətdir ki, həyatda üzünü tapmayanlar, yaxud yaxşı tərbiyə olunmayan insanlar bu nemətləri əldə etmək üçün yollar axtarır, cinayət törətməkdən çəkinmir, cinayətə meyl göstərir. Doğrudanda da düşüncələrimiz necədirsə, həyatımız da elədir. Deməli, cinayətkarlıq insanların davranışlarından kənarda yox, onların iradəsi ilə baş verir. O fikir qətiləşir ki, törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipi bütün dövrlərdə aktualdır. Elmi ədəbiyyatlarda rastlanan izahlar da onu deməyə əsas verir ki, cəzanın labüdlüyü cinayətkarlığın artım indeksini buxovlayır. Əks təqdirdə cinayətkarların layiq olduqları cəzaya məruz qalmamalarına, başqa sözlə, cəzanın labüdlüyü prinsipinin pozulmasına səbəb olur. O ölkələrdə ki, təhlükəli əmələ görə cəza yoxdur, yaxud gec tətbiq olunur, ictimai təhlükəsizlik, mülkiyyət toxunulmazlığı, insan sağlamlığı, qanunçuluq sual altına düşür.

İndi ictimai sabitlik o qədər möhkəmlənib ki, artıq ölkəmizə gələn əcnəbilər belə polisin xidmət səviyyəsinin yüksəldiyini etiraf edir, özlərini Azərbaycanda rahat hiss edirlər. Onlar Azərbaycan reallıqlarında vəziyyəti görür, qiymətləndirir. Belə bir vəziyyətdə polis Azərbaycan reallıqlarından doğan bugünki obrazını o qədər peşəkarlıqla gerçəyə çevirməyi bacarmışdır ki, artıq qlobal miqyaslı idman oyunları, beynəlxalq əhəmiyyətli mədəni-humanitar tədbirlərin ölkəmizdə keçirilməsinə təşəbbüslər artıb.